Paşinyan Ermənistanı kriminal qaydalarla idarə edir
İşğalçı ölkədə daxili qarşıdurma daha da dərinləşir
Ermənistanda son dövrlərdə kriminal müstəvidə proseslərin inkişafı daha radikal xarakter almağa başlayıb. Xüsusən də Qavarda baş verən hadisələr bunun real təsdiqi qismində çıxış edir. Ermənistanın "Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan bu xüsusda bildirib ki, Qavarda baş verən qan tökülməsi çoxlarımız üçün ağır zərbədir. Dörd erməninin həyatına son verilib, iki böyük icma arasında qarşıdurma astasında başlayıb. Hüquq mühafizə orqanları zorakılığın yeni dalğasının qarşısını almaq üçün qabiliyyətsiz olub, hətta polis rəisinin və xüsusi polis bölməsinin nümayəndəsi kömək etməyib.
Xatırladaq ki, Qavar rayonunda qeydə alınan silahlı insident nəticəsində 4 nəfər öldürülüb, daha 4 nəfər yaralanıb. Bildirilir ki, Qavar şəhəri və Noratus kəndinin gənc sakinləri naməlum səbəblə mübahisə ediblər. Nəticədə baş vermiş atışmada hərbi müstəntiq Zorik Paronikyan və onun dostu Vahe Avetisyan qətlə yetirilib. Məlumata görə, atışmada öldürülən hərbi polisin müstəntiqinin qohumları və Avetisyanın qardaşının başçılığı altında olan dəstə xəstəxanaya gələrək silahlı insident zamanı yaralanan və Qavardan olan iki şəxsin boğazlarını kəsməklə onları qətlə yetiriblər.
Qeyd edilir ki, xəstəxanada öldürülən şəxslər Armen və Xaçik adlı qardaşlardır. Məlumata görə, rayonda nəzarət altından çıxmış vəziyyəti idarə etmək üçün hadisə yerinə Qavar polisinin rəisi Arman Sarkisyan gəlib. Amma xəstəxanada vəziyyət elə gərginləşib ki, hətta müstəntiqlər ora daxil ola bilməyiblər.
"Armlur.am” saytının verdiyi xəbərə görə, dəmir alətlərlə silahlanmış bir qrup şəxs polis əməkdaşlarının olduğu xəstəxanaya hücum çəkiblər. Onlar xəstəxananın əmlakını dağıtmağa başlayıblar, bundan sonra polis kordonunu yararaq palataya giriblər və yaralıların boğazını kəsiblər. Dəstə üzvləri bundan sonra xəstəxananı tərk ediblər.
Yerli qubernator Qnel Sanosyan isə bildirib ki, xəstəxanaya 500-ə yaxın insan hücum edib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan baş verənləri belə şərh edir: "Ermənistanın baş naziri Nikol Paşinyanın səriştəsiz rəhbərliyi nəticəsində polis hüquq mühafizə orqanı kimi hazırkı şəraitdə mövcud deyil. Qavarda baş vermiş hadisələr bu həqiqəti tamamilə təsdiqləyir”.
Bu fonda o da məlum olub ki, belə mövqeyi səbəbindən Ermənistan baş nazir Nikol Paşinyan hüquq mühafizə orqanlarından Artur Vanetsyana qarşı cinayət işi açmağı tələb edib. Vanetsyan bu xüsusda bildirib: "Paşinyan hüquq mühafizə sisteminin nümayəndələri ilə çox pis görüş keçirib. Bu zaman hər hansı bir bəhanə ilə mənə qarşı cinayət açmalarını və məni cinayət məsuliyyətinə cəlb etmələrini tələb edib. Əgər qanun pozuntusuna yol verdiyimə əmindirlərsə, qoy Nikol Paşinyan prokurorluğa müraciət etsin, günahkar olsam, məsuliyyət daşımağa hazıram, günahkar olmadığım məlum olsa, deməli o, yalan mühakiməyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
O qeyd edib ki, hüquq mühafizə sisteminin nümayəndələri nəinki ona qarşı bu və ya digər əməliyyatları həyata keçirməkdən imtina ediblər, eyni zamanda, söyləyiblər ki, əməliyyat-axtarış fəaliyyətləri nəticəsində Vanetsyanın işində hər hansı qeyri-qanuni əməl tapılmayıb: "Nəticədə baş nazir cavab verib ki, siz bu məsələni həll edə bilmirsinizsə, özüm həll edəcəm. Və gecə saat 12-də mətbuat katibinin bəyanatı çıxır. Bu cümlə ilə çox aydın və birbaşa şəkildə hüquq mühafizə orqanlarına bu cinayətləri aşkara çıxarmaq istiqamətində tədbirlər görmək göstəriş verilir”.
Onun sözlərinə görə, Nikol Paşinyanın səriştəsiz idarəetməsi nəticəsində polis hüquq mühafizə orqanı hazırkı şəraitdə sadəcə mövcud deyil: "Bu səbəbdən Ermənistan hüquq mühafizə orqanlarının tarixində görünməmiş hadisə baş verdi: bir qrup şəxslər polis qüvvələrinin mühafizəsi altında olan əraziyə hücum etdilər və öz cinayətlərini başa çatdırmağa çalışdılar. Günahkar Nikol Paşinyanın timsalında ölkənin siyasi hakimiyyətidir. Həmçinin hesab edirəm ki, bəli, polisimizin, ümumi hüquq mühafizə sistemimizin ciddi və dərin islahatlara ehtiyacı var, bu qanun layihəsi ilə təklif olunan isə populist niyyətlərlə dəyişiklikdir”.
Qeyd edək ki, bu qanun layihəsinin qəbul olunması ilə Ermənistan Daxili İşlər Nazirliyi yaradılmalıdır. Vanetsyanın sözlərinə görə, bu qanun layihəsini oxuyanda anlaşılır ki, dövlət açıq şəkildə formalaşdırılmamış dəyişikliklərin həyata keçirilməsi üçün 16 milyard dram xərcləyir: "Bu səlahiyyətlilər düşünülmüş və keyfiyyətli dəyişikliklər həyata keçirməyə qadir deyillər”.
Bundan dərhal sonra "Mənim Addımım” blokunun deputatı, Nikol Paşinyanın qayını Qraçya Akopyan Vanetsyana qarşı hücuma keçib: "Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan Nikol Paşinyana əhəmiyyətsiz suallar verməyə başlayıb ki, özünün korrupsiya əməllərini diqqətlərdən yayındırsın. Yəqin bir gün Vanetsyanın vəzifədən xarici xüsusi xidmət orqanları tərəfindən təsir altına salındığına görə çıxarılması aydınlaşacaq. Bəlkə də baş nazir Nikol Paşinyan təzyiq altında ona xarici xüsusi xidmət orqanları tərəfindən casusluğa cəlb edildiyini etiraf etdirə bilib?”
Akopyanın sözlərinə görə, Vanetsyan Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyana sərvəti qarşılığında onun həbs edilməyəcəyi və Respublikaçılar Partiyasını gələcəkdə Ermənistanda hakimiyyətə gətirəcəyi vədini verib: "Çoxları deyə bilər ki, əgər bütün bunlar həqiqətdirsə, Vanetsyana münasibətdə niyə cinayət işi açılmır. Dünya praktikası belədir ki, xarici agentlər yalnız ölkələrlə münasibətlər pozulmaq istəyəndə həbs edilir. Əgər münasibətləri pozmaq istəmirlərsə, onu sadəcə neytrallaşdırırlar ki, fəaliyyət göstərə bilməsin. Ermənistan indi heç bir ölkə ilə münasibətini pozmaq istəmir”.
Bu vəziyyətdə Ermənistanda daxili qarşıdurmanın daha da dərinləşməsi gözlənilir.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti