Xələf Xələfov Araz çayı üzərində hidroqovşaqların və SES-lərin tikintisinə dair məsələyə münasibət bildirib
Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov Araz çayı üzərində Xudafərin və Qız qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə bağlı məsələyə aydınlıq gətirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, KİV-in Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi haqqında sazişlə bağlı sualını cavablandıran nazir müavini deyib: “Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 2016-cı il 23 fevral tarixində imzalanıb və bu Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləridir. Bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir”.
Sazişin həyata keçirilməsi ilə əlaqədar mətbuatda toxunulan məsələlərlə bağlı suala cavabında Xələf Xələfov qeyd edib ki, mətbuatda yer alan körpülərin tikilməsi məsələsinə Sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. İran İslam Respublikasının səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Bu, hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik olan sözügedən Sazişdə öz əksini tapıb. İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir.