Tacikistanın “avesta.tj” portalında Şuşanın işğalının 28-ci ildönümü ilə əlaqədar rus dilində məqalə verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə deyilir ki, 1992-ci il mayın 7-8-də Azərbaycanın tarix və mədəniyyət mərkəzi olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bildirilir ki, qədim Şuşa şəhəri 250 il bundan əvvəl Pənahəli xan tərəfindən salınıb.
İşğal nəticəsində 30 kənd dağıdılıb, 195 dinc sakin öldürülüb, 165-i yaralanıb, 58 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Qədim şəhər işğal edilərkən 24 mindən çox şəxs öz doğma evindən qovulub.
Məqalədə vurğulanır ki, ermənilər Şuşada çoxsaylı dini, tarixi və mədəniyyət abidələri, 7 məktəbəqədər tərbiyə müəssisəsi, 22 müxtəlif profilli məktəb və texnikum, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, 20 kitabxana, şərq musiqi alətləri fabriki və digər müəssisələri dağıdıb.
Bildirilir ki, Şuşa işğal olunana qədər bu şəhərdə 179 nadir memarlıq abidəsi, 160 qədim tikili olub və bu abidələrin əksəriyyəti məhv edilib. İşğal nəticəsində Şuşa, Əskəran və Xocalı qalaları, Azıx və Qaxal mağaraları dağıdılıb.
Məqalədə Şuşanın tarixinə də nəzər salınır, deyilir ki, bu qədim şəhər Ağa Məhəmməd şah Qacarın hücumuna məruz qalıb, amma təslim olmayıb.
Yazıda vurğulanır ki, “Şərqin konservatoriyası” adlandırılan Şuşada adını Azərbaycanın tarixinə yazan görkəmli şəxsiyyətlər yetişib. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd Ağaoğlu, həmçinin bir çox tanınmış xanəndə məhz bu şəhərin yetirmələridir.
Məqalədə bildirilir ki, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnamə qəbul edib, ancaq Ermənistan hələ də bu nüfuzlu təşkilatın qətnamələrinə məhəl qoymur.