ABŞ-ın Con Batçelor Şou radio proqramında Corctaun Universitetinin professoru, enerji sahəsində tanınmış mütəxəssis Brenda Şaffer və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə yayımlanıb. Şuşanın işğalının ildönümü ərəfəsində baş tutmuş müsahibədə jurnalist C.Batçelor Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bir daha diqqət çəkib, regiondakı vəziyyət, koronavirus pandemiyası dövründə üzləşilən çətinliklər barədə mühasiblərinə suallar verib.
C.Batçelor Bakıda olduğu müddətdə ölkəmizdə gedən inkişaf və aparılan genişmiqyaslı islahatların şahidi olduğunu və Azərbaycanın pandemiya ilə mübarizəyə kifayət qədər hazır olduğunu bildirib.
Səfir Elin Süleymanov dünya bazarında neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərdiyini, lakin Azərbaycan hökuməti tərəfindən neftdən asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirildiyini vurğulayıb.
Səfir Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan ərazisinin 20 faizinin işğalı və 1 milyon vətəndaşının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmaqla yanaşı, regional inteqrasiya və inkişafa da mane olduğunu bildirib. O, Ermənistan rəhbərliyinin hazırda işğalçı və şovinist siyasətini davam etdirərək yalnız Azərbaycana və regiona deyil, hətta öz xalqının gələcəyinə də böyük zərbələr vurduğunu diqqətə çatdırıb. Diplomat böyük potensiala malik Cənubi Qafqaz regionunun sülh olacağı təqdirdə daha da çiçəklənəcəyini, regionun digər ölkələri ilə yanaşı bundan erməni xalqının da faydalanacığını qeyd edib.
B.Şaffer münaqişənin həlli istiqamətində gedən danışıqlar fonunda Ermənistanın və ermənilərin təxribatçı əməllərinin yolverilməzliyini, bunun yalnız sülhə mane olduğunu qeyd edib. O, ABŞ-da yaşayan ermənilərin vebsaytlar və sosial şəbəkələr vasitəsilə müxtəlif təxribatlara yol ataraq xalqların sülhə hazırlanmasına mane olduğunu bildirib. Professor qeyd edib ki, erməni lobbisi regionda sülhün bərqərar olmasını istəmir.
Sonda C. Batçelor Azərbaycan xalqına son günlər erməni təxribatlarının qurbanı olmuş şəhidlərimizə görə başsağlığı verib.
Müsahibənin tam versiyası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar: https://audioboom.com/posts/7576111-azerbaijan-weathers-the-energy-decline-while-waiting-for-peace-in-the-occupied-nagorno-karabakh.