Şuşa Azərbaycanın strateji əhəmiyyətli tarixi şəhəridir. Təcavüzkar Ermənistan 1992-ci ildə Şuşanı işğal edib, çox sayda günahsız azərbaycanlı şəhid olub, şəhərin tarixi memarlıq abidələri dağıdılıb və viran qoyulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının bəyanatında yer alıb.
Dərnəyin sədri Sərdar Ünsalın imzası ilə yayılan bəyanatda təəssüf hissi ilə qeyd olunur ki, dünya birliyi Ermənistanın işğalçı siyasətinə qarşı hələ də yekdil mövqe nümayiş etdirmir. Bunun acı nəticəsidir ki, işğal faktı aradan qalxmır. Şəhərin tarixi məhv edilir, məscidlər dağıdılır və təhqir olunur.
Bəyanatda, həmçinin 1915-ci il hadisələrinə toxunularaq qeyd edilir ki, gerçək soyqırımı ermənilər tərəfindən 1992-ci ildə Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilib.