Misirin “Asiyaelyoum” xəbər agentliyi və “Aldiplomasy” internet qəzeti Azərbaycanın bu ölkədəki səfirliyinin Şuşanın işğalı ilə bağlı bəyanatını yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bəyanatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 28 il ötdüyü qeyd olunur, Şuşanın Azərbaycan tarixinin və mədəniyyətinin mərkəzlərindən biri, eyni zamanda, Azərbaycanın milli memarlığının və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi olduğu bildirilir.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın Ermənistanın etnik təmizləmə siyasəti ilə üz-üzə qaldığı və Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Şuşa şəhərinin işğal olunduğu diqqətə çatdırılır.
Bəyanatda, həmçinin Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfərin şəhid olduğu, 165 nəfərin yaralandığı, 58 nəfərin əsir düşdüyü və girov götürüldüyü, işğal vaxtı minlərlə eksponatın olduğu muzeylərin talan edildiyi, yüzlərlə tarix-mədəniyyət abidəsinin dağıdıldığı, məbədgah və məscidlərin təhqirlərə məruz qaldığı, çox sayda nadir əlyazma nümunələrinin məhv edildiyi, təhsil və səhiyyə ocaqlarının xarabazara döndərildiyi qeyd edilir.
Şuşanın işğalı zamanı yüzlərlə dinc sakinin həlak olduğu, 60-a yaxın mülki şəxsin girov götürüldüyü, ölən, yaralanan və girov götürülənlər arasında qadınların və uşaqların da olduğu bildirilir. Şəhərin işğalı nəticəsində təxminən 22 minə yaxın insanın məcburi köçkün vəziyyətinə düşdüyü qeyd edilir.
Bəyanatda 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəslə bağlı razılığın əldə olunmasına baxmayaraq, qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin tez-tez pozulduğu vurğulanır. Sülh danışıqlarının indiyədək müsbət nəticə verməməsinin əsas səbəbinin Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməməsi olduğu bildirilir.