Ermənistanın hərbi təcavüzü nəticəsində sərhədyanı bölgələrimizdə ətraf mühit deqradasiyaya məruz qalır
ATƏT PA-nın Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib. İclasda fövqəladə hallar zamanı insan hüquqlarına hörmət etmək və demokratik nəzarəti saxlamaq mövzusunda müzakirələr aparılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Məclisin deputatı Ülviyyə Ağayeva iclasda çıxış edərək koronavirus pandemiyasının təkcə səhiyyə sistemlərimiz və dünya tibb müəssisələri üçün deyil, eyni zamanda, virusun yayılmasının qarşısını almaq üçün birlikdə əməkdaşlığın sınağı olduğunu bildirib.
Deputat deyib: “Təəssüf ki, hazırki pandemiya həm demokratiya, həm də insan hüquqları üçün bir sıra yeni problemlər üzə çıxardı. Əhalinin kütləvi toplanma yerlərində sanitariya-gigiyena normalarının yaxşı olmaması, tibbi xidmətin qeyri-kafi olması səbəbindən COVID-19-un yayılma riski yüksəkdir. Biz əmin olmalıyıq ki, dünyadakı kənd və şəhərətrafı zonalarda yaşayan aztəminatlı insanların adekvat su, sanitariya və gigiyena imkanlarından istifadə etmə imkanları var. Hamı üçün sanitariya və təmiz suya çıxışı təmin etmək ağır və hətta həyat üçün təhlükəli xəstəliklərin qarşısını almaq üçün olduqca vacibdir.
Onu da qeyd etmək istərdim ki, deputat seçildiyim Tovuz-Qazax-Ağstafa bölgəsi Ermənistanla həmsərhəd olan bölgələrdən biridir və Ermənistanın hərbi təcavüzü nəticəsində sərhədyanı bölgələrdə ətraf mühit deqradasiyaya məruz qalır. Cəbhə bölgəsinə ən yaxın kəndlərdə yaşayan insanlar suvarma problemləri ilə üzləşirlər. Su təchizatının bloklanması isə öz növbəsində ekoloji fəlakətə səbəb olur. Əlbəttə ki, bunun nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə də cəbhə bölgələrində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında çətinliklər yaranır.
Suyun çirklənməsi və zəhərlənməsi isə ayrı bir mövzudur. Bu illər ərzində Ermənistan Azərbaycanın su mənbələrini kimyəvi və bioloji maddələrlə çirkləndirmək üçün hər şeyi etdi, bu isə öz növbəsində təkcə başqa bir dövlətin ərazi bütövlüyü prinsiplərini deyil, həm də bir sıra konvensiya və qətnamələrin pozulmasının bariz nümunəsidir. Mən Ermənistan hökumətini sudan Azərbaycana qarşı siyasi vasitə kimi istifadə etməyi dayandırmağa çağırıram.
Son olaraq bir daha təkrar etmək istəyirəm ki, təhlükəsiz və içməli su əldə etmək imkanına sahib olmaq, COVID-19 daxil olmaqla, bütün yoluxucu xəstəliklər halında insan sağlamlığını qorumaq üçün vacibdir.
Bundan əlavə, bütün dünyadaki səhiyyə işçilərinə bu ağır dönəmdə xəstələnən insanlara qayğı göstərmək üçün fədakarcasına çalışdıqlarına görə təşəkkür edirəm. Onların fədakarlığı, sadiqliyi və cəsarəti ən böyük ehtirama və hörmətə layiqdir”.