2016-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası nasizm, neonasizm, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlük hallarına qarşı mübarizə məqsədi ilə çox vacib bir qətnamə üzərində təkidlə dayanıb. 126 dövlət bu qətnamənin lehinə səs verib. Ancaq bu beynəlxalq təşkilatın bütün səylərinə zidd olaraq, Ermənistan faşist, milliyyətçi gənclər hərəkatı, eləcə də irqçilik məqsədi daşıyan “Tseqakronizm” adlı hərəkatı yaratmış, milliyyətçi məqsədlərinə çatmaq üçün “Hitlerlə hərəkət etməyi öyrənməliyik” deyən Qaregin Njdeni milli qəhrəman elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Fransanın “Agoravox” portalında dərc edilmiş “8-9 May 1945: anım, ziddiyyətlər və mübahisələr” adlı məqalədə yazılıb. Məqalədə Qaregin Njdenin faşist əməllərindən söz açılır.
Bildirilir ki, Ermənistanda hakim partiya 2004-cü ildə “Qaregin Njde və onun təlimləri”ni nəşr etdirib. 2016-cı ildə Ermənistanın paytaxtı İrəvanda, hökumət binasının yanında 6 metrlik yüksəklikdə ucaldılan abidənin açılışında Njdenin nəvəsi ilə bərabər dövlət başçısı da iştirak edib. Bu abidə nasizm qurbanlarının, eləcə də faşistlər əleyhinə mübarizə aparmış əsgərlərin xatirəsinə təhqirdir.
Qeyd edilir ki, Njde İkinci Dünya Müharibəsi illərində alman təlimçiləri ilə 1942-ci ildə Wehrmacht'ın erməni silahlı qrupunu formalaşdırmış və Şimalı Qafqazda, Krımda təxribatçı qruplara rəhbərlik etmişdir. Hətta Njdenin rəhbərlik etdiyi təxribatçı qrup Fransanın cənubunda yəhudilərə, fransız müqavimət hərəkatı döyüşçülərinə qarşı vuruşub. Njdenin ideologiyasını rədd edən çox sayda erməni belə onun tərəfindən öldürülüb. Njde öz soydaşlarına qarşı da amansız olub.
Alman kəşfiyyatçıları bu erməni millətçisinin faşistlərlə işbirliyi apardığını təsdiqləyib.
Bildirilir ki, 600 mindən çox azərbaycanlı nasizmə qarşı mübarizədə iştirak etmiş və onlardan 300 mindən çoxu həlak olmuşdur.
Məqalədə vurğulanır ki, Ermənistan BMT, Avropa İnsan Haqları Məhkəməsi, Avropa Parlamenti, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Konfransı kimi böyük beynəlxalq təşkilatların qətnamələrini pozaraq, Azərbaycan torpaqlarını qeyri-qanuni işğal altında saxlayır. Yalnız Ermənistan tərəfindən dəstəklənən qondarma “Dağlıq Qarabağ Respublikası” dünyanın heç bir ölkəsi tərəfindən tanınmır.
Beynəlxalq Yəhudi təşkilatları Njdenin Ermənistanda təriflənməsindən narazıdırlar. Bu təşkilatlar antisemitizmin yenidən güclü formada canlanmasından qorxurlar. Yəhudilər Auşvits (Auschwitz) ölüm düşərgəsinin azad edilməsinin anım mərasimində Qaregin Njdenin Holokost qırğınını törətmiş nasistlərlə birgə fəaliyyətinin unudulmasından şikayətləniblər. Tədqiqatçılar, tarixçilər elmi araşdırmaları davam etdirməlidirlər ki, gənc nəsillər törədilmiş iyrənc fəaliyyətləri unutmasınlar.