Leyla Abdullayeva: N.Paşinyanın “qələbədən”, “sülhdən” və “təhlükəsizlikdən” danışması riyakarlığın son həddidir
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə “Qələbə gününü” qeyd etmək məqsədilə səfərini şərh edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Leyla Abdullayeva deyib: “Beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycan ərazilərini 30 ilə yaxındır hərbi işğal altında saxlayan, bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan, eləcə də faşist canilərinin qəhrəmanlaşdırılmasını həyat normasına çevirən bir ölkənin baş nazirinin “qələbədən”, “sülhdən” və “təhlükəsizlikdən” danışması riyakarlığın son həddidir.
Başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla, bütün beynəlxalq ictimaiyyətin ölkəmizin beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması tələbini heçə sayaraq, Azərbaycanın işğal olunmuş Şuşa şəhərində “qələbə” nitqi ilə çıxış edən N.Paşinyan yəqin dərk edir ki Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına haqq qazandıran bu məsuliyyətsiz davranış münaqişənin sülh yolu ilə həlli imkanlarını heçə endirir”.
L.Abdullayeva bildirib ki, Ermənistan rəhbərliyinin bu davranışı təcavüzkar ölkənin münaqişənin həlli üzrə aparılan danışıqlarda, işğalçı ölkəyə xas olan saxtakar mövqe nümayiş etdirdiyini və onun yeganə məqsədinin işğala əsaslanan təhlükəli status-kvo vəziyyətinin möhkəmlənməsi olduğunu aydın göstərir.
“Lakin xatırladırıq ki, Ermənistanın bu niyyəti heç zaman reallaşmayacaq. Beynəlxalq hüquq, beynəlxalq ədalət və beynəlxalq ictimaiyyətin birmənalı şəkildə dəstəklədiyi Azərbaycan ərazilərini işğaldan azad edəcək və beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Münaqişənin həllinin və bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının digər yolu yoxdur”, - deyə o qeyd edib.