İndoneziya KİV-lərində ümummilli Lider Heydər Əliyevin doğum günü ilə bağlı çoxsaylı məqalələr yayımlanıb - FOTOLAR
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə İndoneziyanın tanınmış xəbər portallarında Ulu Öndərin xatirəsinə həsr edilmiş çoxsaylı məqalələr yayımlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümummilli liderin anadan olmasının 97-ci ildönümü münasibətilə Antara dövlət informasiya agentliyi tərəfindən “Ümummilli liderin doğum gününü qeyd edən Azərbaycan səfirliyi kimsəsizlərlə bölüşür” sərlövhəli məqalə dərc edilib. Məqalədə keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini bərpa etməsində ulu öndər Heydər Əliyevin böyük rol oynadığı xüsusi qeyd edilir. Vəfatından sonra da Azərbaycan xalqının Ümummilli Liderin doğum gününü təntənə ilə qeyd etdiyi bildirilir.
Məqalədə, həmçinin Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin mühüm rol oynadığı vurğulanır. Onunun dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya ilə əməkdaşlığa xüsusi önəm verdiyi qeyd edilir. 1993-2003-cü illər ərzində müasir Azərbaycana liderlik edən Heydər Əliyevin siyasətinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq arenada nüfuzunun ilbəil artdığı bildirilir.
Bundan əlavə, Antara agentliyinin ingilis dilində yayımlanan səhifəsində də Heydər Əliyevin doğum günü münasibətilə “Azerbaijani Embassy celebrates 97 th birth anniversary of Heydar Aliyev” (“Azərbaycan səfirliyi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünü qeyd edir”) sərlövhəli məqalə yayımlanıb.
Məqalədə səfirlikdə ulu öndər Heydər Əliyevin xatirəsinin yad edildiyi barədə məlumat öz əksini tapıb, Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin ümummilli liderlə bağlı səsləndirdiyi fikirlərə istinad edilib. Azərbaycanlı səfirin Ümummilli Liderimizin 1969-1982-ci illərdə birinci dəfə Azərbaycanın rəhbəri olduğu dövrdə gördüyü quruculuq işləri barədə ətraflı məlumat verdiyi, Heydər Əliyevin XX əsrin 70-ci illərində iki min nəfərə qədər gənci müxtəlif ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərindəki ali məktəblərə göndərməsi, müxtəlif maneələrə baxmayaraq, həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olması, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət kimi təsbit olunması və sair bu kimi ölkəmizin gələcək müstəqilliyinə hesablanmış yorulmaz fəaliyyəti barədə ətraflı bəhs etdiyi qeyd olunub. Səfir, həmçinin dövlət müstəqilliyimizin ilk addımlarının məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldığına diqqət çəkərək, Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin çıxarıldığını, üçrəngli milli bayrağımızın ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olunduğunu, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edildiyini, 20 Yanvar faciəsinə siyasi qiymət verildiyini, muxtar respublikadan sovet qoşunlarının çıxarıldığını qeyd edib. Ulu Öndərin əsasını qoyduğu strategiyanın bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi, dövlətimizin başçısının uğurlu daxili və xarici siyasətinin xalqın mənafeyinə xidmət etdiyi, məhz bu səbəbdən İlham Əliyevin siyasətinin yüksək dəyərləndirildiyi və Azərbaycan xalqının Prezidentin ətrafında sıx birləşdiyi vurğulanıb. Məqalədə, eyni zamanda, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə səfirlik tərəfindən Cakartada yerləşən “Putra Setia” uşaq evində müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə açılan iftar süfrəsi barədə də məlumat verilib. Bu tədbirdə Ulu Öndərin ruhuna dualar oxunduğu, xatirəsinin hörmətlə yad edildiyi diqqətə çatdırılıb.
“Kompasiana” internet portalında jurnalist Veeramalla Anjaiah tərəfindən qələmə alınan “Warga Azerbaijan Merayakan Ulang Tahun Heydar Aliyev yang ke-97 di İndonesia” (“Azərbaycanlılar İndoneziyada Heydər Əliyevin anadan olmasının 97-cü ildönümü qeyd edirlər”) başlıqlı məqalədə Ümummilli Liderin müasir Azərbaycan dövlətinin memarı və qurucusu olduğu, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü davamlı quruculuq işləri, dövlət müstəqilliyinin qorunub saxlanılması, hakimiyyətə gəlməsindən öncə ölkədə mövcud olan siyasi böhranın aradan qaldırılması istiqamətindəki əvəzsiz xidmətləri, ölkə iqtisadiyyatının sürətli inkişafı və neft gəlirlərinin insan kapitalına yönəldilməsi sahəsindəki ardıcıl nailiyyətləri öz əksini tapıb. Onun Azərbaycanın sosial, iqtisadi, mədəni inkişafında həyata keçirdiyi uğurlu islahatlar haqqında ətraflı məlumat verilib. Müəllif, habelə Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanın inkişaf edən, ictimai-siyasi sabitliyin hökm sürdüyü dövlətə çevrildiyini, ölkənin xarici siyasətinin milli maraqlarımıza uyğun şəkildə qurulduğunu, uğurlu neft siyasətinin həyata keçirildiyini vurğulayıb. Azərbaycanla İndoneziya arasında 28 illik diplomatik əlaqələrin bünövrəsinin də məhz Heydər Əliyev tərəfindən qoyulduğuna diqqət çəkib.
Bundan əlavə, İndoneziyanın “Rakyat Merdaka”, “Media İndonesia”, “İnilahkoran” kimi nüfuzlu internet portallarında da Ümummilli Liderin doğum gününün qeyd edilməsi ilə bağlı məqalələr yayımlanıb.