Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Şuşanın işğalı ilə Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda daha bir bəşəri cinayət törədilib. Şuşanın işğalı ilə günahsız mülki azərbaycanlı əhaliyə qarşı misilsiz cinayətlər törədilib, tarixi-mədəni irsə böyük zərbə vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) yaydığı bəyanatda əksini tapıb.
AKDC-nin sədri Orxan Həsənoğlunun imzası ilə Kipr adasının türk ictimaiyyətinə ünvanlanan bəyanatda deyilir ki, Şuşanın Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində şəhər və 30 kənd vəhşicə dağıdılıb. Bölgədə 25 minə yaxın dinc sakin etnik təmizləmə ilə üz-üzə qalıb, 58 nəfər azərbaycanlı itkin düşüb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb. Şuşa şəhərinin işğal edən düşmən ordusu bu şəhərdəki Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsini dağıdıb.
Bəyanatda bildirilir ki, Şuşa şəhəri Azərbaycan musiqisinin beşiyi olmaqla yanaşı, şərqdə mədəniyyətin əsas mərkəzlərindən biri hesab olur. Qeyd edilir ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymalı və zəbt etdiyi ərazini tərk etməlidir.