Pakistanda nəşr edilən “Pakistan in the World” jurnalının internet səhifəsində, həmçinin “NN Urdu” portalının ingilis dili versiyasında “Şuşa – Qafqaz sivilizasiyasının incisi. İşğalın 28-ci ili” adlı məqalə dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə XX əsrin əvvəllərində erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladıqları, erməni şovinistlərinin bu siyasətinin 80-ci illərin sonlarında da davam etdiyi, Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan bölgələrinə yeni iddialar irəli sürüldüyü ilə bağlı məlumat verilir. Nəticədə, bu iddiaların geniş miqyaslı müharibəyə gətirib çıxardığı, Azərbaycan ərazilərinin, o cümlədən 1992-ci il may ayının 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğal edildiyi bildirilir.
Müəllif Şuşanın işğalı zamanı 480 nəfər mülki əhalinin öldürüldüyünü, 600 adamın yaralandığını, 552 uşağın yetim qaldığını, 25 mindən çox insanın məcburi köçkünə çevrildiyini qeyd edir.
Məqalədə Şuşada Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin türbəsi və digər çoxsaylı tarixi abidənin dağıdıldığı, muzeylərin, kitabxanaların yandırıldığı, Qafqazın qədim mədəniyyət mərkəzinin erməni vandalizminin qurbanına çevrildiyi vurğulanır.
Müəllif hazırda işğal altında olan ərazilərdən ermənilər tərəfindən qeyri-qanuni olaraq silah və narkotik qaçaqmalçılığı məqsədilə də istifadə edildiyini və işğal olunmuş ərazilərin yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün təhdidə çevrildiyini diqqətə çatdırır.
Materialın sonunda Azərbaycan xalqının erməni işğalçılarının onlara verdiyi iztirab və ağrını heç vaxt unutmayacağını, bu iztirabın yalnız ölkənin ürəyi olan Qarabağın və onun mirvarisi Şuşanın işğaldan azad ediləcəyi gün sona çatacağı vurğulanır.