Nikol Paşinyanın babası ətrafında qalmaqal və erməni Baş Nazirin Qaregin Njdeni müdafiə etməsi fonunda gözlənilməz susqunluğu çoxlu suallar yaradır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu rusiyalı ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko “Day.az”a müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün təkcə Böyük Vətən müharibəsinin tarixini təkrar yazmaq cəhdləri ilə deyil, həm də faşistlərin və onların əlaltılarının qəhrəmanlaşdırılması ilə mübarizə məsələsi daha da aktuallaşır: “Biz görürük ki, nasizmin qəhrəmanlaşdırılması bir sıra ölkələrdə, o cümlədən Ermənistanda fəal şəkildə davam edir. Fikrimcə, bu proseslərin əsasında həmin ölkələrdəki milli elitaların marağı ilə bağlı siyasət dayanır. Nasizm əlaltılarının qəhrəmanlaşdırılması problemi bu gün mövcuddur, onunla mübarizə aparmaq lazımdır və Böyük Vətən müharibəsinin, İkinci dünya müharibəsinin tarixinin təkrar yazılması imkanlarının qarşısını almaq lazımdır. Hər şey aydındır: anti-Hitler koalisiyası var idi, Hitler Almaniyası var idi və Hitler Almaniyasına kömək edənlər var idi”.
Ekspert vurğulayıb ki, Rusiya və Azərbaycanın bu məsələdə mövqeyi üst-üstə düşür: nasistlərin qəhrəmanlaşdırılması və tarixin hansısa maraqlara uyğun təkrar yazılması qəbulolunmazdır.
İ.Korotçenko, həmçinin Ermənistan Baş Naziri Nikol Paşinyanın mərkəzində olduğu iri beynəlxalq qalmaqala da toxunub:
“Vəziyyətin özü kifayət qədər qalmaqallıdır, rəsmi səviyyədə hələ də bir təkzib eşitməmişik və bu, təbii ki, suallar doğurur. Hesab edirəm ki, ilk növbədə erməni xüsusi xidmətlərinin reaksiyası olmalıdır. Niyə? Çünki, şübhə yoxdur ki, Paşinyan müxalifətdə olarkən, onu araşdırıblar. Aydındır ki, onun barəsində müvafiq dosye aparılıb. Sual olunur: hakimiyyət dəyişikliyindən sonra bu araşdırmanın axırı necə oldu? Dosye məhv edildi? Bəlkə, haradasa saxlanılır və Paşinyana qarşı təzyiq və hücum vasitəsi kimi istifadə oluna bilər? Qeyri-müəyyənlik bir çox suallar doğurur".
Ekspert vurğulayıb ki, N.Paşinyan hələ də ittihamlara cavab verməyib və əlavə edib ki, onun nasistlərin digər əlaltısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını qətiyyətlə müdafiəsi daha çox sual doğurur: “Bu qalmaqal Paşinyanın əlaltısına qoyulan abidəni müdafiə etmək cəhdləri ilə uyuşur. Njde barəsində hər şey aydındır. Onu həbs edən SMERŞ əkskəşfiyyat təşkilatının rəyi var, onun işi ilə bağlı sənədlər var və orada aydın şəkildə qeyd olunub: Qaregin Njde SSRİ ərazisində Qırmızı ordunun arxa cəbhələrinə göndərilməsi üçün təxribatçı dəstələr hazırlayırdı”.
Baş redaktor bildirib ki, beləliklə də heç bir siyasi mübarizdən söz gedə bilməz, o, cinayətkardır: “Ən qəribəsi də odur ki, Ermənistan onu qəhrəmanlaşdırır. Xatırladım ki, Rusiyada da Moskvanı müdafiə etmiş və buna görə ali mükafatlarla təltif olunmuş, amma sonra Almaniya ilə əməkdaşlığa getmiş general Vlasov olub. Njde ilə olduğu kimi general Vlasov da xəyanətkar, cinayətkar elan olunmuş və edam edilmişdi. Amma bizdə heç kim onu qəhrəmanlaşdırmağa çalışmır. Mən, əlbəttə ki, erməni KİV-lərini oxuyuram və hər dəfə onlar yazanda ki, Azərbaycan tərəfi Njdedən Ermənistana qarşı hücumlar üçün istifadə edir, bu, məni təəccübləndirir. Əgər Hitler Almaniyasının rəhbərləri sırasına ermənilər, erməni əsilli şəxslər olsaydı, bu gün onları qəhrəmanlaşdıracaqdınız? Bunu necə başa düşmək olar? Njde cinayətkardır”.
Rusiyalı ekspert Yerevanın mərkəzində Qaregin Njdeyə ucaldılan abidəni də xatırladıb: “Bu abidə hələ əvvəlki hökumətin dövründə ucaldılmışdı. Paşinyanın buna heç bir aidiyyəti yoxdur və o, həmin biabırçılığın sökülməsi barədə qərar verə bilərdi. Amma bu cür qərar qəbul olunmadı. Əksinə, Paşinyan onu müdafiə edir. Yerevanın mərkəzində nasist əlaltısına heykəl və yerli KİV-lərdə Paşinyanın babasının təsvirlərinə uyğun gələn şəxsin erməni legionunda döyüşməsi barədə məlumatlar müəyyən fikirlər yaradır və müəyyən suallar verməyə vadar edir”.