Paşinyan faşizmi təbliğ edənlərə qucaq açır

A- A A+

Ermənistanda hakimiyyətin nasist sevgisinin kökləri üzə çıxır

Ermənistanda mövcud hakimiyyətin faşizm sevgisinin köklərinin nədən qaynaqlandığı getdikcə daha aydın şəkildə bəlli olur. O da məlum olur ki, ermənilər tərəfindən Böyük Vətən müharibəsi zamanı faşizm tərəfində döyüşənlərin sayı kifayət qədər olub və onların nəsillərinin davamçıları indi Ermənistana rəhbərlik edirlər. Bu sırada keçmiş daşnak, "Njde” ləqəbli Qaregin Ter-Arutyunyanla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın babası da olub.

Məsələ bundadır ki, Nikol Paşinyan Qələbə günü münasibətilə İkinci Dünya müharibəsində döyüşən babası Nikol Vartanoviç Paşinyanın foto və sənədlərini paylaşıb, lakin o, Nikol Paşinyanın nasistlərlə işbirliyinə dair dəlilləri gizlədib. Paşinyan babası haqda yalnız bunları yazıb: "Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun”.

Baba Paşinyanı ifşa edən arxiv sənədləri

Rusiyanın "Vestnik Kafkaza” nəşri bu xüsusda yazıb: "Erməni lideri 1913-cü ildə anadan olan və 1943-cü ildə vəfat edən Nikol Paşinyanın yalnız 1313-cü piyada diviziyasının 554-cü piyada alayında xidmət etdiyini və itkin düşdüyünü əks etdirən sənədi seçib. Böyük Vətən müharibəsi üzrə ekspertlər isə qısa müddətdə diqqəti başqa bir sənədə yönəltdilər. Həmin sənəddə də 1913-cü ildə Ermənistanda anadan olmuş və 1943-cü ildə vəfat etmiş Nikol Vartanoviç Paşinyandan bəhs olunur - bu, alman arayışıdır”.

Nəşr Almaniya arayışının fotosunu da yayımlayıb. Orada deyilir ki, bu adam SS erməni legionunda xidmət edib, yəni nasist rejimi ilə əməkdaşlıq edib. Erməni mediası da Nikol Vartanoviç Paşinyanla bağlı "Memorial”ın qeydiyyat bazasında başqa bir qeyd də tapıb. Orada bildirilir ki, bu adam düşmənlə işbirliyində olub və ölüb.

"Yerevan today” portalı yazır ki, Böyük Vətən müharibəsi zamanı vəfat etmiş və itkin düşmüş Sovet hərbçiləri haqqında məlumatları özündə cəmləşdirən ümumiləşdirilmiş elektron məlumat bankı da Ermənistan hökuməti başçısının babasını ifşa edən məlumat və sənədləri təsdiqləyib.

Xatırladaq ki, bu məlumat bazası Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən yaradılıb. Məlumat bazasında Sovet arxivlərindəki sənədlərdən 37 milyon qeyd var. Orada göstərilir ki, Ermənistanın Tavuş rayonunun Yenakavan kəndindən olan yeganə Nikol Paşinyan 1943-cü ildə Alman Vermaxtının erməni legionunda sıravi rütbəsi ilə Qırmızı Orduya qarşı döyüşlərdə ölüb. Digər müstəqil erməni KİV-i də baba Nikol Paşinyanı ifşa edən arxiv sənədlərini dərc ediblər.

"Taleyi - düşmənlə əməkdaşlıq edib, həlak olub”

Qeyd edək ki, Böyük Vətən müharibəsi zamanı həlak olmuş və ya itkin düşmüş şəxslər haqqında məlumatların göstərildiyi "Obd-memorial.ru” saytında Paşinyanın təqdim etdiyi adam haqqında məlumatlar axtarılıb və həmin saytdan alınan cavab belə olub: "Doğulduğu tarix - 23.12.1913. Doğulduğu yer - Ermənistan, Yenakavan. Taleyi - düşmənlə əməkdaşlıq edib, həlak olub. Ölüm tarixi - 29.09.1943.” Saytda almanların uçot sənədi də dərc edilib.

"Iravunk” qəzeti yazır ki, bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin saytında belə bir məlumat yer alıb ki, guya, müharibədə Yenakavan kəndindən Nikol Paşinyan ad-soyadlı iki adam iştirak edib. Qəzet yazır ki, bu yalandır və baş nazirlə eyni adı daşıyan babası 1943-cü ildə Njdenin legionunda Almaniya cəbhəsində vuruşub.

Müdafiə Nazirliyinin təkzib məlumatı sosial şəbəkə istifadəçilərini də qane etməyib. Nikol Paşinyanın babasının nasist Almaniyasının tərəfdarı olduğu və səlahiyyətləri barədə arxiv məlumatlarının saxtalaşdırılması haqda şərhlər baş nazirin sosial şəbəkədə paylaşımının altında davam edir. Eyni zamanda erməni müxalifəti hökumət başçısını babası haqqında yalanlar yaymaqda ittiham edir. Müxalif erməni ekspertlərinin fikrincə, açıq ortaya çıxan fakt N.Paşinyanın nasist cinayətkarlarının, ilk növbədə, indiki Ermənistanın siyasi elitasının banisi elan edilmiş Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsindəki prinsipial mövqeyini izah edir.

İlham Əliyev Ermənistan hakimiyyətini faşistləri qəhrəmanlaşdırmaqda ittiham etmişdi

Bu fonda təbii olaraq erməni faşizminin ciddi təhdid mənbəyi olaraq qaldığına dair Azərbaycan tərəfinin etdiyi gedişlərə dəstək verənlərin sayı artır. Bu durumda Azərbaycan qeyd edilən təhdidin hələ də tam aradan qalxmadığını hər fürsətdə dünya ictimaiyyətinə çatdırmaqda davam edir. Qeyd edilən səpkidə, xüsusən Prezident İlham Əliyev tərəfindən atılan addımlar, görülən işlər daha çox diqqəti cəlb edir.

Yeri gəlmişkən, qeyd edək ki, dövlət başçısı TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu məsələyə yenidən toxunmuşdu. Prezident İlham Əliyev bəzi ölkələrdə İkinci Dünya müharibəsi abidələrinə münasibətdə vandalizm aktının hörmətsizlik və iyrənclik hissi yaratdığını deyib. Keçmiş SSRİ məkanında, xüsusilə belə şeylərin görünməsinin xoş olmadığını bildirib. Bundan əlavə, Prezident müsahibə zamanı yenidən Ermənistanda faşist Qaregin Ter-Arutyunyana abidə ucaldılması məsələsinə toxunub: "Belə insana Ermənistanda altı metrlik abidə ucaldılır, açılışında bu ölkənin prezidenti, keçmiş prezidenti iştirak edir. Bu məsələni qaldırmaqla mən MDB-dəki həmkarlarımın diqqətini ona cəlb etmək istəyirdim ki, biz gərək özümüzdə, öz təşkilatımızda bütün "və”lərə nöqtə qoyaq. Biz burada politkorrektəlik, selektivlik, kiminsə xətrinə dəyməmək prinsiplərini rəhbər tutmamalıyıq. Biz gərək həqiqəti deyək, əks təqdirdə bu təşkilat formatında diskussiya mənasını itirəcək. Mən güman edirdim ki, özünü demokrat kimi təqdim edən Ermənistanın yeni rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Təəssüf ki, mən başqa şey gördüm. Erməni nümayəndə heyətinin rəhbəri, Baş nazir bu canini müdafiə edərək, Ter-Arutyunyanın düşərgədə olması faktının əhəmiyyət daşımadığını, Soljenitsının da düşərgədə olduğunu dedi. Bilirsiniz, mən protokolu pozub yenidən söz istədim və dedim ki, Soljenitsını faşistlə müqayisə etmək həyasızlığın zirvəsidir. Bütün bunlar böyük təəccüb və çaşqınlıq yaradır, həmçinin Ermənistanda hakimiyyətin dəyişəcəyi, amma rejimin əvvəlki kimi qalacağı fikrinə gətirib çıxarır”.

Burada bir daha qeyd edək ki, Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması ilə bağlı məsələni İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında qaldırıb. Dövlət başçısı faşistlərin qəhrəman kimi qələmə verilməsini qətiyyətlə pisləyib, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını vurğulayıb.

Prezident İlham Əliyev 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyinin təqdim etdiyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzədən sitat gətirərək deyib ki, Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb.

Ermənistan paytaxtının mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə heykəl qoyulmasını kəskin şəkildə pisləyən və bunu faşizmin təbliği kimi dəyərləndirən Azərbaycan Prezidentinin bu çıxışı geniş əks-səda doğurdu. Hətta iş o yerə gəlib çıxdı ki, Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyadı. Daha sonra Armavir şəhərində erməni Qaregin Njdenin xatirə lövhəsi söküldü.

Burada onu da xatırladaq ki, Qaregin Njde Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.

İndi İkinci Dünya müharibəsində qazanılan qələbənin növbəti ildönümü fonunda Nikol Paşinyanın babası ilə bağlı üzə çıxanlar Ermənistanın faşizm sevgisini izah edən daha bir mühüm faktor sayılır. Təsadüfi deyil ki, Paşinyan hakimiyyəti faşizmi təbliğ edənlərə qucaq açmaqda davam edir.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: