Misirin “Əlvəsilə” qəzetinin analitika bölməsində Azərbaycan Milli Məclisinin deputatı, YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məqaləsi dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Koronavirus epidemiyasından sonra Dağlıq Qarabağda vəziyyət necə olacaq? Sülh, müharibə və ya inqilab?” sərlövhəli məqalədə misirli oxuculara münaqişənin fonunda Ermənistanda baş verən mürəkkəb siyasi proseslər, rəsmi Yerevanın danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verilir.
Vurğulanır ki, COVID-19 pandemiyası nəticəsində yaxın aylarda təcavüzkar ölkədə yaranacaq ağır sosial-iqtisadi vəziyyət Ermənistan hakimiyyətinin təxribatlarını daha da artıra bilər. Eyni zamanda, dörd il əvvəl Aprel döyüşlərində Azərbaycan ordusunun sarsıdıcı zərbələrini də unutmayan ermənilər başa düşürlər ki, Dağlıq Qarabağ uğrunda irimiqyaslı hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə erməni silahlı qüvvələri Azərbaycan ordusunun qarşısında davam gətirə bilməyəcək.
Məqalənin tam mətni ilə https://www.alwasela.com/703715 linkində tanış olmaq mümkündür.