DTX: Xarici ölkə ərazisində gizlənən şəxs saxlanıldı - VİDEO
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilən, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəmizə gətirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
Qeyd olunub ki, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.
Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk edib, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulub.
2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib.
2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib.
2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib. Hazırda həbs oluan Saleh Adilov barəsində cinayət işi davam etdirilir.