“Qazeta.ru”: Çoxları inanmağa hazırdır ki, Üçüncü Reyx sıralarında vuruşmuş Paşinyan məhz Nikol Paşinyanın babasıdır
Ermənistanın baş naziri öz babasının tərcümeyi-halı haqqında sualları nə üçün şərh etmir?
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiyanın “Qazeta.ru” internet-nəşrində müəllif kimi çıxış edən Aleksey Şevelyov “Paşinyanın sirri” adlı məqaləsində indi çoxlarını maraqlandıran bu suala cavab tapmağa çalışır.
Məlum olduğu kimi, Ermənistanın baş naziri mayın 9-da Facebook şəbəkəsindəki şəxsi səhifəsində babasının fotoşəklini dərc etmişdi. Amma elə həmin Ermənistanın bir sıra kütləvi informasiya vasitələri Rusiya Müdafiə Nazirliyinin “Memorial” arxiv-informasiya servisində Paşinyanın qohumuna aid məlumatları aşkar ediblər, orada göstərilir ki, bu şəxs Almaniya Vermaxtının Erməni legionunun sıravi döyüşçüsü olub.
Məqalənin müəllifi yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babasının hərbi keçmişi ilə bağlı qalmaqala görə ölkədə yaranmış təlatüm davam edir. Əslində, bu qalmaqala təkan verən hökumət başçısı özü olub. Açıq mənbələrdə göstərilir ki, Nikol Paşinyan ad-soyadlı birisinin ölümü 1943-cü ildə qeyd edilib və o, Almaniya Vermaxtının Erməni legionunun sıravi döyüşçüsü kimi Qızıl Ordu ilə döyüşdə həlak olub.
Xatırladaq ki, “Memorial” portalı Böyük Vətən müharibəsi iştirakçılarının qohumlarına onların talelərini öyrənməyə kömək etmək məqsədilə 13 il bundan əvvəl yaradılıb. Qəzet yazır: “Bu halda bazada olan informasiyanın mötəbərliyinə şübhə qalmır. Axı müvafiq sənədlər həm Rusiyanın, həm də Almaniyanın arxivlərində emal edilib. “Memorial”ın məlumatlarını yalnız məhkəmə qaydası ilə təkzib etmək olar. Ya da hansısa yeni arxivlər tapılmalıdır ki, onlar artıq məlum olan informasiya haqqında təsəvvürləri kökündən dəyişdirsin”.
Müəllif daha sonra yazır: “Nəticədə aydın olub ki, İkinci Dünya müharibəsi döyüşlərində hansısa Nikol Paşinyan həqiqətən iştirak edib, amma heç də Sovet İttifaqının tərəfində vuruşmayıb. Bazada hərbi əsir vərəqində onun taleyi “düşmənlə əməkdaşlıq edirdi” sözləri ilə təsvir olunub. Baş nazir özü də məhz Qələbə Günü ərəfəsində əcdadının tərcümeyi-halına çaxnaşma salaraq bildirib ki, bəzi sənədlərə görə o, 1943-cü ilin fevralında həlak olub, başqa sənədlərə görə — itkin düşüb. Həm də bu, ya Krımda, ya da Stalinqrad ətrafında olub. Paşinyanın bu qədər dolaşıq izahatları mövzunun sosial şəbəkələrdə müzakirəsinə təhrik edib. Çoxları inanmağa hazırdır ki, Üçüncü Reyx sıralarında vuruşmuş Paşinyan məhz Nikol Paşinyanın babasıdır. Burada məntiq belədir: nə olsun ki, onlar qohumdurlar, nəvə baba üçün cavab verməli deyil”.
Müəllifi təəccübləndirən odur ki, Paşinyan bütün bu vaxt ərzində susur: “Bununla əlaqədar daha bir hadisə — Ermənistanda müasir dövlətçiliyin banilərindən biri hesab edilən Qaregin Njdenin abidəsi əhvalatı yada düşür. Bu halda Üçüncü Reyxlə onun əməkdaşlığı müəyyən edilmiş fakt hesab olunur. 1940-cı illərin əvvəlində Njde Vermaxtın tərkibində erməni batalyonları yaradılmasında iştirak edib. Bundan başqa, o, təxribatlar törədilməsi məqsədilə sovet arxa cəbhəsinə göndərilmək üçün erməni mənşəli agentləri cəlb edirdi. Nəticədə SMERŞ (“casuslara ölüm”, İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqında bir-birindən asılı olmadan fəaliyyət göstərən bir sıra əks-kəşfiyyat təşkilatlarının ümumi adı) Njdeni həbs etdi və o, Vladimir mərkəzi həbsxanasında öldü. İndi bu iki əhvalatı əlaqələndirirlər”.
Müəllifin fikrincə, hətta Paşinyanın tərəfdarları da onun ölkədə geniş müzakirə edilən bu mövzuya etinasızlığını qəribəlik hesab edirlər. Məqalədə deyilir: “Babasının tərcümeyi-halı məsələsində səmimilik ehtimal ki, onun müsbət cəhəti sayılardı. Həmçinin ölkənin tarixində Qaregin Ndjenin rolunun qiymətləndirilməsi məsələsində Yerevandakı əvvəlki hakim rejimin mövqeyinə yenidən baxılması potensialı da. Amma baş nazir həm birinci, həm də ikinci məsələdə dəqiq mövqe tutmağa çəkinir. Çoxları haqlı olaraq soruşur: görəsən bütün bunların arxasında nələr dayanır?”.