“Lenta.ru”: Paşinyanın susması Njdenin xatirəsinin əbədiləşdirilməsinə dair mövqeyinə etiraz etməmək cəhdi kimi görünür
Rusiyanın “Lenta.ru” internet-nəşrinin dərc etdiyi “Babanın sirri” adlı materialda müəllif Konstantin Lyapunov Nikol Paşinyanın babasının həqiqətdə kimin tərəfində vuruşmasını araşdırır.
Materialda qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən müharibəsi illərində faşistlərlə ehtimal olunan əməkdaşlığı səbəbindən baş verən qalmaqalın Rusiya mediasında və beynəlxalq KİV-lərdə müzakirəsi davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Memorial” ümumiləşdirilmiş məlumat bankının informasiyasına görə hansısa Nikolay Paşinyan həqiqətən alman vermaxtının erməni legionunda xidmət edən sıravi əsgər kimi Qızıl Orduya qarşı vuruşub və 1943-cü ildə həlak olub.
Məlum olduğu kimi, mayın 9-da Ermənistanın baş naziri özünün “facebook” səhifəsində babasının fotoşəklini bölüşüb. Erməni jurnalistlər Paşinyanın babası barədə informasiyanı yoxlayaraq, faşistlər tərəfində vuruşmuş hansısa Nikolay Paşinyanı tapıblar.
Baş nazir özü danışıb ki, babası Nikol Paşinyan cəbhəyə gedəndə onun atasının cəmi bir yaşı vardı. Ailədə yalnız bir neçə fotoşəkil və babası haqqında az sayda söhbətlər yadda qalıb. Baba Nikol Paşinyanın döyüş yolu barədə yalnız bu məlum idi ki, o, 138-ci diviziyanın 554-cü atıcı alayının serjantı olub. Bəzi sənədlərdə onun 1943-cü ilin fevralında həlak olması, digər sənədlərdə - itkin düşməsi göstərilir. Bir versiyaya görə Stalinqrad yaxınlığında, digərlərində - Krımda. Nəvə Paşinyan belə vəziyyətdə susur və danışmağa tələsmir ki, bu da açıq-aşkar onun xeyrinə deyil.
Nəşr yazır ki, vermaxtın erməni legionu respublika tarixində kədərli səhifə olaraq qalmaqdadır. İlkin olaraq bu qruplaşmanın sayı 8 min nəfər təşkil edib, daha sonra 30 minədək artıb. Bölmənin əsas hissəsinə Qızıl Ordunun düşmən tərəfinə keçən döyüşçüləri, bir qayda olaraq, hərbi əsirlər daxil idi. Legiona Drastamat Kanayan (general Dro kimi məşhur olan) rəhbərlik edirdi, legionerlərin təlimləri isə SS-dən olan hərbi rəislərin nəzarəti altında keçirdi. Nasistlər erməniləri Almaniyanın qələbəsindən sonra Ermənistana müstəqillik vermək kimi vədlərlə legiona cəlb edirdilər.
Müəllifin fikrincə, Paşinyanın əcdadı ilə bağlı əhvalat erməni hakimiyyətinin digər hərəkətləri ilə də mənfi çalarlar kəsb edir. Bunların ən parlaq nümunələrindən biri - Üçüncü reyxlə əməkdaşlığı sübuta yetirilmiş Qaregin Njdenin abidəsi ilə bağlı insidentdir. 1940-cı ildən başlayaraq o, erməni batalyonlarının yaradılmasında vermaxta kömək edib, daha sonra Berlində yaranmış erməni milli şurasına daxil olub. Nəticədə o, həbs edilib və ömrünü Vladimir həbsxanasında başa vurub.
Məqalədə qeyd olunur ki, “əgər əvvəllər Njdenin abidələrinin qorunub saxlanmasına münasibətdə Paşinyanın mövqeyi sadəcə erməni əhalisinin ictimai rəyinə elementar hörmət hesab edilirdisə, indi baş nazirin babası ilə bağlı ziddiyyətli əhvalat fonunda bu mövqe başqa cür rəng alır”. “Əgər baş nazir Njdeyə münasibətdə öz mövqeyi üçün müntəzəm olaraq tarixi arqumentlər tapırsa, o zaman niyə o, öz babasına yanaşmada ikimənalılığa yol verib? Axı, hökumət başçısının arxiv məlumatlarını sorğulamaq üçün bütün imkanları var. Onun tərəfindən rəsmi reaksiyanın olmaması getdikcə daha çox sual doğurur: bir tərəfdən inamsızlıq artır, digər tərəfdən də Paşinyanın susması Njdenin xatirəsinin əbədiləşdirilməsinə dair mövqeyinə etiraz etməmək cəhdi kimi görünür. Baş nazirin babasının əhvalatına düzəlişlə bağlı elə hökumətin digər hərəkətləri də bir qədər ayrı cür görünür. Məsələn, Ermənistanın “Mənim addımım” adlı hakim blokundan olan deputatlar Böyük Vətən müharibəsi veteranlarına aylıq fəxri ödənişlərin artırılması barədə qanun layihəsinin iclasın gündəliyinə salınmasından imtina ediblər. Mayın əvvəlində bu xəbər demək olar ki, diqqətdən kənarda qalırdı, indi isə bu məsələni məhz nasizmin tərəfdarlarına münasibət kontekstində müzakirə etməyə başlayıblar”, - deyə müəllif yazır.