NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu günlərdə həm Ermənistan, həm də dünya mətbuatında Nikol Paşinyanın babası ilə bağlı qalmaqallı materialların ardı-arası kəsilmir. Hər bir jurnalist araşdırmasında, ekspert rəyində həm də bir suala cavab axtarılır – Paşinyan babası ilə bağlı yazılanlar barədə niyə susur?
Xatırladaq ki, mayın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində babasının şəklini paylaşaraq “fəxrlə” yazmışdı: “Nikol Paşinyan, 1913-1943-cü illər. 138-ci atıcı diviziyasının 554-cü alayında xidmət edib. Vətən uğrunda həlak olanların xatirəsi əbədi yaşayacaq”.
Ermənistanda bu paylaşımdan sonra Paşinyanın babası ilə bağlı məlumatlar araşdırılarkən maraqlı faktlarla üzləşiblər. Rusiya Müdafiə Nazirliyinin Böyük Vətən müharibəsi iştirakçıları haqqında məlumatlar bankı olan “Memorial”dan məlum olub ki, 1913-cü il dekabrın 23-də Ermənistanın İcevan rayonunun Yenukavan kəndində anadan olmuş Nikolay Paşinyan alman vermaxtının erməni legionunda Qızıl orduya qarşı vuruşub və 1943-cü ildə həlak olub.
Rusiyalı ekspert Andrey Petrov Paşinyanın babasının SS legionunda xidmət etməsi faktının məhz elə Ermənistanın özündə ifşa olunmasını əhəmiyyətli hesab edir. Onun fikrincə, iki il ərzində baş nazirin yalnız özü üçün sərfəli olanı demək və dediklərini heç kəsin yoxlamayacağına ümid etmək taktikası, deyəsən, səmərəsini itirir. Ekspert vurğulayır ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi və Qafqazın tarixi barədə Paşinyanın yalanlarının üstünü açanda puç olmuş taktika bu dəfə Ermənistanın daxili auditoriyasında fiaskoya uğrayıb.
Həqiqətən, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ən mötəbər beynəlxalq tədbirlərdə Ermənistanda nasizm havadarlarının dəstəklənməsi, hətta onların qəhrəman kimi qələmə verilməsi barədə dünya ictimaiyyətinə xəbərdarlıq mesajları göndərib.
MDB Dövlət Başçıları Şurasının ötən il Aşqabadda keçirilən iclasında Prezident İlham Əliyevin tarixi çıxışı çoxlarının gözünü açdı. Dövlətimizin başçısı Ermənistanda faşistlərin qəhrəman kimi qələmə verilməsini, Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulmasını iclas iştirakçılarının diqqətinə çatdıraraq deyib: “Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.
Müasir Ermənistanda baş verənləri təhlil etdikcə, tarixə nəzər salmamaq olmur. Elə təkcə XX əsrdə bu üzdəniraq qonşularımızın xalqımıza qarşı törətdiyi iki böyük cinayəti yada salmaq kifayətdir ki, ermənilərin nasizm ideyalarına tarixən bağlılığını görək. 1918-ci ilin mart soyqırımı və 1992-ci ilin Xocalı soyqırımı Ermənistan hakim dairələrinin milli ideologiyasına çevrilmiş faşizmin təzahürləri deyilmi? Başqalarının torpaqlarına göz dikmək, insanları öz ev-eşiklərindən, ata-baba yurdundan silah gücünə qovmaq, dinc əhaliyə divan tutmaq, böyük dövlət yaratmaq xülyası ilə yaşamaq sizə ötən əsrin 30-cu illərinin Almaniyasını xatırlatmırmı?
Azərbaycan Prezidenti İlham Əliyevin daha bir diplomatik qələbəsini - Münxen debatını xatırlayaq. İki Qafqaz respublikasının rəhbərlərinin üzbəüz görüşündə Paşinyanın dili topuq çala-çala nə isə demək cəhdləri çox acınacaqlı mənzərə idi. Əgər Qarabağ, Şuşa, Kəlbəcər, Laçın Ermənistanındırsa, bəs niyə Paşinyan Prezident İlham Əliyevin Münxen debatında irəli sürdüyü şəksiz arqumentlərə əks-arqumentlər tapa bilmədi, özünü gülünc vəziyyətə saldı? Bəli, ədalət olmayan yerdə, yalan ayaq tutub yeridiyi məkanda, indiki halda Ermənistanda faşizm dövlət ideologiyasına çevrilir.
Düşünürəm ki, bu meyili təkcə Azərbaycan rəhbərliyi və ictimaiyyəti görmür. Son vaxtlar Rusiyadan Ermənistana, özü də yüksək səviyyədə ciddi mesajlar səslənir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu günlərdə A.M.Qorçakov Fondunun təşkil etdiyi “dəyirmi masa”da Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin bəzi məqamlarını, daha dəqiq desək, danışıqların münaqişənin mərhələli, yəni, ətraf rayonların mərhələlərlə Azərbaycana qaytarılması, yaxud paket həllinin müzakirə olunduğunu açıqlamışdı. Bu açıqlama Yerevanda bomba effekti yaratmış, danışıqların təfsilatını xalqdan gizlədən ölkə rəsmilərini ictimaiyyət qarşısında özlərinə bəraət qazandırmağa vadar etmişdi.
Rusiyadan Ermənistana daha bir mesaj “Valday” diskussiyaları çərçivəsində yenə də Sergey Lavrovdan gəlmişdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə suala cavabında o, siyasi prosesin yavaşıdığını və bu ləngimənin aradan qaldırılmasında əngəllər olduğunu deyəndə Paşinyanın məsuliyyətsiz bəyanatlarını nəzərdə tutaraq “Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir” demişdi. Azərbaycan Prezidentinin bu mötəbər tədbirdə Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi bir daha sübut etdi ki, son söz hər zaman Azərbaycandadır.
Zənnimcə, Rusiyadan bu mesajların səslənməsində Ermənistanın Yerevanın mərkəzində Njdeyə heykəl qoymasının, Soçidə bu faşist cəlladına xatirə lövhəsi quraşdırmasının və Bolqarıstanda onun heykəlini qoymaq planının rolu az deyil.
Rusiyalı ekspert Sergey Markovun fikrincə, nasizmin qəhrəmanlaşdırılması müəyyən qüvvələr tərəfindən öz maraqları naminə həyata keçirilir. Bu qüvvələr nasist rejiminə fəal kömək edənlər, Hitler ilə əməkdaşlıqdan çəkinməyənlər, kütləvi cinayətlərin iştirakçıları ilə əməkdaşlıq edənlərdir. Adətən, bu qüvvələr açıq-aydın milliyyətçi xarakterə malikdirlər. O deyib ki, hazırda siyasi hakimiyyəti ələ keçirməyə və bunun üçün nasist cinayətkarlarından istifadə etməyə çalışan siyasi hərəkatlar meydana gəlib. Məsələn, Qaregin Njde paşinyankimilərə hərbi cinayətlərdə iştirak etməyi və qəddar milliyyətçi olmağı ilə maraqlıdır. Onlar Njdedən öz opponentlərinə qalib gəlmək və öz siyasətinə bəraət qazandırmaq üçün istifadə edirlər. Njde kimi hərbi canilərin obrazlarını yaşatmağa çalışanlar özləri hərbi cinayətlər hazırlayırlar və Paşinyanın babasının faşistlərin tərəfində döyüşməsi onun Njdeni qəhrəmanlaşdırmasını izah edir.
Digər rusiyalı ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun fikrincə, Paşinyanın babası ilə bağlı rəsmi səviyyədə hələ də bir təkzib gəlməməsi suallar doğurur. “Hesab edirəm ki, ilk növbədə, erməni xüsusi xidmətlərinin reaksiyası olmalıdır. Niyə? Çünki şübhə yoxdur ki, Paşinyan müxalifətdə olarkən onu araşdırıblar. Aydındır ki, onun barəsində müvafiq dosye toplanıb. Sual olunur: hakimiyyət dəyişikliyindən sonra bu araşdırmanın axırı necə oldu? Dosye məhv edildi? Bəlkə haradasa saxlanılır və Paşinyana qarşı təzyiq və hücum vasitəsi kimi istifadə oluna bilər? Qeyri-müəyyənlik bir çox suallar doğurur”, - deyə o, bildirib.
Təkcə Ermənistanda deyil, qonşu ölkələrdə, o cümlədən Azərbaycanda və Rusiyada da Paşinyanın babası ilə bağlı açıqlamalar gözləyirlər. Çağırışlarla dolu müasir dövrümüzdə qanında nasistlərə pərəstiş geni olan birisi ilə yanaşı yaşamaq heç də uğurlu perspektiv kimi görünmür.