Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 28-ci ildönümünü ilə bağlı bəyanat yayıb. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə İcmadan məlumat verilib.
Bəyanatda deyilir: “1992-ci ilin 18 may tarixində Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Laçın Azərbaycan Respublikasının Ermənistan ilə sərhədində yerləşən, çox böyük strateji əhəmiyyətə malik bölgələrindən biridir.
Ermənistan silahlı qüvvələrinin Laçına hücumu rayonun 1 şəhəri, 1 qəsəbəsi və 125 kəndinin işğal altına düşməsinə gətirib çıxarıb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri Ermənistan silahlı qüvvələri tərəfindən talana və məhvə məruz qalıb. 77 mindən çox Laçın sakini məcburi köçkünə çevrilib və onların mülkiyyətləri talan edilib. Laçından olan məcburi köçkünlər müvəqqəti olaraq Azərbaycan Respublikasının 57 şəhər və rayonunda məskunlaşıb.
VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq Ermənistanın işğalı nəticəsində vandalizmə məruz qalıb ki, bu da rayonun 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəsindən yalnız bir neçəsidir. Laçının işğalından sonra rayon ərazisində təbii resurslar talan edilib. Digər işğal olunmuş ərazilərdə olduğu kimi xüsusilə Suriyadan olan erməni əsilli qaçqınlar qanunsuz olaraq Laçın rayonunda məskunlaşdırılıb. Laçının işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 77 mindən çox azərbaycanlının təməl insan hüquqlarını pozaraq rayonun demoqrafik tərkibinin dəyişdirilməsi istiqamətində Ermənistanın atdığı addımlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Laçının ardınca Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədlərinə daxil olmayan Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının işğalı Ermənistanın əsl məqsədinin güc yolu ilə yeni ərazilərin qəsb edilməsindən, ekspansiya siyasətindən ibarət olduğunu bir daha sübut edib.
Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Azərbaycanın işğal edilmiş bütün torpaqlarında etnik təmizləməyə məruz qalmış 1 milyondan çox olan azərbaycanlı adından dünya birliyini Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu gün də davam etdirilən təcavüz hərəkətlərinə son qoymasını tələb etməyə çağırırıq.
Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə xidmət edən açıqlamaları və Azərbaycan ərazilərinin ilhaqına yönəlik çağırışları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərbə vurmaqda davam edir.
Bəyan edirik ki, Ermənistan–Azərbaycan münaqişənin ədalətli həlli yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların, o cümlədən laçınlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində birgə sülh şəraitində yaşamağa hazırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər.
Buna görə də, biz – Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha bölgənin erməni icmasını dialoqa dəvət edirik”.