Pakistanın “Islamabad Post” qəzetində “Qarabağ münaqişəsinin tarixi: bu, necə olub” sərlövhəli geniş məqalə dərc edilib. Məqalənin müəllifi İslamabad Universitetinin professoru Mahmud Ul-Hassan Xandır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Dağlıq Qarabağda və ona bitişik rayonlarda erməni silahlı dəstələri tərəfindən etnik təmizləmə aparılmasını və kütləvi qətllər törədilməsini ətraflı təsvir edən müəllif beynəlxalq hüququn bütün normalarını və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozan işğalçı siyasət yürüdən Ermənistanı “faşist dövləti” adlandırır.
Müəllif vurğulayır ki, bundan əvvəl dərc edilmiş silsilə məqalələrin davamı olan tədqiqatın məqsədi tarixin saxtalaşdırılması ilə mütəmadi məşğul olan, mədəni-tarixi irsi məhv etmək yolu ilə bu ərazilərin Azərbaycana məxsusluğunu insanların yaddaşından silməyə cəhd edən işğalçının iç üzünü açıb göstərməkdir.
Müəllif mübahisəsiz faktlara diqqət çəkərək yazır ki, Ermənistan ictimai şüurda manipulyasiyalar etmək üçün nə qədər cəhd göstərsə də, başqa ölkənin, - vaxtilə məhz onun torpaqları sayəsində Ermənistanın yaradıldığı dövlətin, - ərazilərinin 20 faizini təxminən 30 il işğal altında saxlamaq faktını ört-basdır etmək mümkün deyil.
Pakistanlı alim, Londonda yerləşən bir qeyri-hökumət təşkilatı tərəfindən bu münaqişənin tarixi ilə bağlı çəkilmiş filmi də ətraflı təhlil edir. Müəllif bildirir ki, film faktiki olaraq tamaşaçıda belə bir fikir formalaşdırır: Ermənistanın indiki rəhbərlərini də Nürnberq prosesinə oxşar bir aqibət gözləyir.