Müdafiə naziri təlimlərin keçirildiyi cəbhə bölgəsindədir - FOTOLAR
Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhə bölgəsində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti səhra şəraitində ərazidə açılmış komanda idarəetmə məntəqəsində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, qoşunların döyüş fəaliyyətinin təşkilini yoxladıqdan sonra Müdafiə naziri əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, kəşfiyyat, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına baş çəkib, idarəetmə orqanlarının fəaliyyəti ilə bağlı müvafiq göstərişlər verib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrdəki hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuların xidməti məişət şəraiti ilə maraqlanan Müdafiə naziri onlarla çay süfrəsi arxasında söhbət aparıb.