“The Jerusalem Post”: Azərbaycan öz ordusunun 100-cü ildönümünü qeyd edir

A- A A+

Bu il Azərbaycan Ordusu 100-cü ildönümünü qeyd edir. Bu ordunun əsası müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulub. Azərbaycanda milli ordu yaradılması haqqında ilk təklif Rusiya imperiyası dağılandan sonra 1917-ci ildə keçirilmiş Qafqaz Müsəlmanları Konqresində irəli sürülmüşdü. Həmin konqresdə müsəlman hərbi dəstələrinin təşkilinə dair xüsusi büronun yaradılması barədə qərar qəbul edilmişdi.

NUHÇIXAN xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə ingilis dilində çıxan nüfuzlu “The Jerusalem Post” qəzetində dünən dərc olunmuş “Bu gün Azərbaycan öz ordusunun 100-cü ildönümünü qeyd edir” sərlövhəli məqaləsində yazıb.

https://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Today-Azerbaijan-celebrates-the-100-anniversary-of-the-Azerbaijani-army-560798

Məqalə müəllifi yazır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi diviziya 600 nəfər könüllüdən ibarət olub. “Bu vəziyyətdə, əlbəttə, Azərbaycanın öz müstəqilliyini qorumaq və Gəncədə Bakı Kommunasının hücumlarının qarşısını almaq imkanı yox idi. O zaman Azərbaycana kömək edə bilən yeganə ölkə Türkiyə idi. Odur ki, Azərbaycan Hökumətinin sədri Fətəli xan Xoyski Türkiyə hökumətindən hərbi yardım istəmişdi.

Azərbaycanın ilk de-fakto hərbi naziri doktor Xosrov Sultanov idi. Nazirlik yaradılandan sonra Səməd bəy Mehmandarov nazir, general Əliağa Şıxlinski isə onun müavini oldu. Hərbi xərclər Azərbaycan Xalq Cümhuriyyəti hökumətində dövlət büdcəsinin 24 faizini təşkil edirdi və 25 min nəfərdən ibarət milli ordunun yaradılmasına yönəldilmişdi. 1919-cu ilin sonunda Azərbaycan Ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Bundan başqa, Gəncədə iki artilleriya batareyası və xüsusi diviziya yaradılmışdı. 1920-ci ilin əvvəlində əsgərlərin sayını 40 minədək çatdırmaq, 19-24 yaş arasında gəncləri səfərbər etmək, Silahlı Qüvvələri möhkəmləndirmək məqsədilə 5 tank, 12 hidroplan, 6 aeroplan alınması planlaşdırılırdı”, - deyə israil eksperti qeyd edir.

Müəllifi məqalədə 1919-cu ilin sentyabrında Bakıya gəlmiş britaniyalı jurnalist Skotland Liddlin təəssüratından sitat gətirib: “Bakıya gedərkən mənə elə gəlirdi ki, xaos görəcəyəm... lakin mən yüzlərlə azərbaycanlı əsgəri gördüm. Özü də bu, iki il əvvəl görüşdüyüm əsgərlər deyildi. Azərbaycan Ordusu vaxtında və sürətlə formalaşdırıldı. Azərbaycan hökuməti anlayırdı ki, ordu nizam-intizamsız mövcud ola bilməz. Azərbaycanda gördüyüm dəmir intizam heç Rusiyada yox idi”.

Arye Qut general-mayor Cavad bəy Şıxlinskinin, general Məhəmməd Mirzə Qacarın, hərbi nazir Xosrov Sultanovun, daxili işlər naziri Behbud Cavanşirin Cümhuriyyətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkən Gəncədə XI Qırmızı orduya qarşı qanlı döyüşdə həlak olmalarını təəssüflə vurğulayır. Bildirir ki, rəsmi tədqiqatlara görə, daşnak-bolşevik terrorizmi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin 12 generalı, 27 polkovniki və polkovnik-leytenantı, 46 kapitanı və digər 266 zabiti öldürülüb.

Müəllif yazır ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan Ali Sovetinin 1991-ci il 9 oktyabr tarixli qərarı ilə Müdafiə Nazirliyi yaradılıb və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması elan olunub. Lakin 1998-ci ilin mayında Prezident Heydər Əliyevin Fərmanı ilə iyunun 26-sı Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü elan edilib.

“Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk vaxtlarda ordu hərb işini bilməyən könüllü dəstələrindən ibarət idi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müvafiq sahədə olan xaosa son qoyuldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Heydər Əliyev ordunun dirçəldilməsi prosesinə başladı. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Prezident Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı.

1994-cü ilin əvvəlində Azərbaycan Ordusu Füzuli rayonunun Horadiz istiqamətində Ermənistanın işğalçı qüvvələrinə qarşı hərbi əməliyyat keçirdi. Həmin ilin mayında atəşkəs rejiminin elan edilməsi nizami Azərbaycanın Ordusunun sabit formalaşması üçün imkan yaratdı”, – deyə Arye Qut “The Jerusalem Post” qəzetində qeyd edir.

İsrailli ekspert məqalədə vurğulayır ki, sabitlik, iqtisadi inkişaf, güclü müasir ordunun formalaşdırılması müasir Azərbaycanın əsas göstəriciləridir: “Son 15 ildə ölkənin iqtisadi qüdrətinin artması Azərbaycan Ordusunun möhkəmlənməsinə və daha sıx birləşməsinə öz töhfəsini verib. Azərbaycanın dövlət büdcəsinin xərcləri bir neçə dəfə çoxalıb ki, bu da bütün istiqamətlərdə ordunun potensialını ən yüksək səviyyəyə qaldırıb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissələri - Müdafiə Nazirliyi, Dövlət Mühafizə Xidmətinin hərbi hissələri, Fövqəladə Hallar Nazirliyi uğurla inkişaf edir.

Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı faktını və bu ölkə ilə davam edən müharibəni nəzərə alan Azərbaycan hökuməti öz hərbi potensialını artırır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev daim hərbi bazalara gedir, hərbi əməliyyat zonalarında xidmət keçən və Azərbaycan ordusunun möhkəmləndirilməsinin başlıca amillərindən biri olan əsgər və zabitlərlə görüşür. Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü birdən-birə yaranmayıb. Son 15 ildə Azərbaycan rəhbərliyi ölkənin iqtisadi potensialını möhkəmləndirib, hər bir ölkənin uğur və inkişafını müəyyənləşdirən mühüm amillərdən olan güclü və müasir ordunun yaradılması üçün şərait yaradıb. Bugünkü müasir hərbi texnika baxımından güclü ordu ölkənin müstəqilliyinin möhkəmlənməsində və regionda mühüm geosiyasi mərkəzə çevrilməsində mühüm rol oynayır”.

Prezident İlham Əliyevin bu məsələyə öz münasibətini aydın izah etdiyini vurğulayan məqalə müəllifi bütün sahələrdə ordunun inkişafına töhfə verməyin vacibliyini, son illər ölkədə logistikanın möhkəmlənməsi, texniki yenilənmə, ən müasir silah alınması üçün böyük işlər gördüyünü və bu gün Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu qeyd edərək Azərbaycan dövlətinin başçısının aşağıdakı fikirlərini sitat gətirir: “Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”.

Arye Qut məqaləsində qeyd edir ki, güclü iqtisadi inkişaf, Azərbaycan büdcəsinin gəlirlərinin artması ölkəyə son 5 ildə hərbi xərcləri 7 dəfə artırmaq imkanı verib. “Lakin ordu quruculuğu üzrə fəaliyyət təkcə iqtisadi resurslardan istifadə etməklə məhdudlaşdırılmır. NATO ilə sıx və məhsuldar əməkdaşlıq ordu formalaşdırmasını sürətlə yaxşılaşdırmağa, Silahlı Qüvvələri müasirləşdirməyə və onların müasir beynəlxalq standartlara müvafiq etmək məqsədini daşıyır. Sözsüz ki, rəsmi Bakının başlıca məqsədi Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu azad etməkdir. Bu həlledici mərhələyə gedən yolda mühüm nəticələr əldə edilib və bu proses davam edir. Müşahidələr göstərir ki, Azərbaycan status-kvonu dəyişmək və potensial hərbi üstünlüyünü daha da möhkəmləndirmək məqsədilə bu mərhələyə daxil olub”, - deyə israilli ekspert yazır.

Məqalədə bildirilir ki, son illər Azərbaycanda böyük miqdarda müasir tanklar, hərbi nəqliyyat vasitələri, HHQ sistemi, tank əleyhinə raket və artilleriya sistemi, pilotsuz uçuş aparatları alınıb. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin Aprel döyüşlərində nümayiş etdirilib. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələri döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu real nümayiş etdirdi.

Arye Qut Azərbaycanın hərbi üstünlüyünü bəyan edən müdafiə naziri Zakir Həsənovdan da sitat gətirib: “Məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi”, - deyə Azərbaycanın müdafiə naziri qeyd edib.

Müəllif yazır ki, Azərbaycanın müdafiə nazirinin sözlərinə görə, Azərbaycan müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alır. Arye Qut müdafiə naziri Zakir həsənovun “Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarımızı genişləndiririk” fikirlərini də sitat gətirib.

Arye Qut qeyd edir ki, Azərbaycan beynəlxalq birliyin Əfqanıstanda sülhün və sabitliyin bərqərar olmasına yönələn cəhdlərini bundan sonra da dəstəkləyəcək. “NATO-nun rəhbərlik etdiyi “Qətiyyətli dəstək” missiyası 2015-ci ilin yanvarından Əfqanıstanda başlanılan hazırlıq, konsultasiya, yardım və antiterror missiyasıdır. 2002-ci il noyabrın 20-dən Azərbaycan Silahlı Qüvvələrinin kontingenti Əfqanıstanda missiyanın tərkibində çıxış edir. NATO Azərbaycana “Qətiyyətli dəstək” missiyasına öz hərbi kontingenti ilə dəstəyinə, habelə maliyyə dəstəyinə və tranzit imkanları yaratdığına görə minnətdardır.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 120 hərbi qulluqçusu Əfqanıstanda NATO-nun “Qətiyyətli dəstək” missiyasında iştirak edir. Bundan başqa, Azərbaycan Əfqanıstanı regional və qlobal iqtisadiyyata inteqrasiya islahatlarında dəstəkləyir. Azərbaycan öz hava məkanından və aeroportlarından NATO-nun hərbi yük olmayan təyyarələrinin istifadə etməsinə icazə verib. NATO-nun Əfqanıstanda nəzərdə tutulan missiyası üçün bütün yüklərin təxminən 40 faizi Azərbaycanın paytaxtı Bakıdan keçir”, - deyə Arye Qut məqalədə fikrini yekunlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: