ABŞ-ın Kaliforniya ştatının Torrens (Torrance) şəhəri mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Patrick J. Furey tərəfindən müvafiq bəyannamə imzalanıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan xəbər verilib.
Bildirilib ki, ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi və demokratik parlamentli respublika yaratdığı, həmin cümhuriyyətin ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı vurğulanır.
Sənəddə Azərbaycanın irqindən, cinsindən, milliyyətindən və dinindən asılı olmayaraq hər kəsə səsvermə hüququ verdiyi, bununla da müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk ölkə olduğu qeyd edilir.
Bəyannamədə Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Sənəddə, həmçinin ABŞ daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı bildirilir.
Sonda mayın 28-i Torrens şəhərində “Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunur.