Misirin “Aaiyaelyoum” xəbər agentliyinin rəhbəri 28 May – Respublika Günü münasibətilə baş məqalə yazıb
Misirin “Asiyaelyoum” xəbər agentliyinin baş direktoru, tədqiqatçı-jurnalist Əbu Bəkr Əbu Məcdin Azərbaycanın milli bayramı – Respublika Gününə həsr edilmiş “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublikanın tarixi” sərlövhəli baş məqaləsi yayılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqin ilk respublikası olduğu qeyd edilib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixindən bəhs edən tədqiqatçı-jurnalist vurğulayıb ki, Şərqdə ilk respublikanın baniləri İslam aləmində yeni eranın başlanğıcını qoyublar. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, AXC Azərbaycan xalqının gələcəyinə işıq salan bir mayak rolunu oynayıb.
Məqalədə qeyd olunub ki, Sovet İttifaqının süqutundan sonra Cümhuriyyətin legitim varisi kimi Azərbaycan Respublikası yenidən öz müstəqilliyinə qovuşub. Dünyanın və İslam aləminin dahi şəxsiyyəti Heydər Əliyevin rəhbərliyi ilə müstəqil, demokratik və iqtisadi cəhətdən qüdrətli dövlət qurulub.
Baş direktorun məqaləsində Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğu, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyi də diqqətə çatdırılıb.