Amerikanın “Newsweek” jurnalı ikili standartlar və Ermənistanın işğalçı siyasəti barədə məqalə dərc edib
Amerikanın “Newsweek” jurnalı “Haym Solomon Mərkəzi” xəbərlər şirkətinin prezidenti və icraçı direktoru Pol Millerin “Koronavirus, korrupsiya və koqnitiv dissonans QHT landşaftını necə formalaşdırır” adlı məqaləsini dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə dünyanın bəzi ölkələrinin ikili standartlarından və Ermənistanın işğalçılıq siyasətindən bəhs olunur.
Müəllif yazır ki, İsrail ikili standartlara öyrəncəlidir. Lakin İsraildən fərqli olaraq, Ermənistan “QHT dünyasında “sevimli” hesab edilir. “Human Rights Watch” hüquq müdafiəsi təşkilatının Yaxın Şərq və Şimali Afrika işləri üzrə bölməsinin sabiq direktoru və Kuinsi İnstitutu nəzdində Corc Sorosun maliyyələşdirdiyi tədqiqatlar və siyasət bölməsinin sabiq direktoru Sara Liya Uitson bu ikili standartların parlaq təcəssümüdür. Hər iki təşkilat daim İsrailin qatı tənqidçisi olub, lakin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləməyib.
Görünür, Ermənistan tərəfindən işğal edilən, - bu fakt BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə təsdiqlənib, - Azərbaycanın Dağlıq Qarabağ regionunda qeyri-qanuni yaşayış yerlərinin tikintisinə Uitsonun heç bir şübhəsi yoxdur. Müəllif yazır ki, Uitson Qarabağı “Ermənistanın ayrılmaz hissəsi” hesab edən Amerikanın erməni milli komitəsi üçün 2018-ci ildə vəsait toplanmasını həyata keçirib.
Bir neçə ay əvvəl Demokratiyanın Müdafiəsi Fondunun (FDD) dərc etdiyi məruzədə müxtəlif ölkələrin hökumətləri və qeyri-hökumət təşkilatları tərəfindən selektiv tənqidə münasibətdə “beynəlxalq sistemdə daha dərin problemlər” qeyd olunub. Məruzə müəlliflərinin fikrincə, Ermənistan “Dağlıq Qarabağın işğalından sonra əsasən simvolik qarşıdurma ilə üzləşib və ona qarşı hansısa konkret sanksiyalar tətbiq edilməyib və ya üzərinə öhdəliklər qoyulmayıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycan Respublikasında böyük sayda dinc əhalinin məcburi köçürülməsi və Azərbaycan ərazilərinin işğal olunması pislənilir. Lakin onlar təcavüzkarın birbaşa identifikasiyasından vaz keçdilər...”, - deyə müəllif məruzənin mətninə istinad edərək yazır.
Miller, həmçinin qeyd edir ki, Qərbin heç bir ölkəsinin Dağlıq Qarabağdakı oyuncaq rejimi tanımamasına baxmayaraq, Azərbaycanın işğal edilmiş torpaqlarında istehsal edilən məhsullar sərbəst şəkildə bu ölkələrin bazarlarına daxil olur.