Təbrizdə nəşr olunan “Əsre Azadi” qəzetinin 27 may nömrəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə məqalə dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Cümhuriyyətin yaranmasından və fəaliyyətindən bəhs olunur. Qeyd edilir ki, o, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət modeli kimi meydana çıxmışdı. Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Şərqdə ilk parlamentli respublika yaradıldı və qadınlara seçki hüququ verildi.
Məqalədə, həmçinin diqqətə çatdırılır ki, Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, təhsilin, səhiyyənin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsindəki fəaliyyətləri ilə də yadda qalıb. 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin Paris Sülh Konfransında de-fakto tanınması ona olan beynəlxalq marağı da artırmışdı. Bir sıra dövlətlər Bakıda konsulluqlarını açmışdı. ABŞ, İngiltərə, Fransa və İtaliya Cümhuriyyətlə iqtisadi əlaqələrini genişləndirməyə başlamışdı. Təəssüf ki, 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını pozan XI qırmızı ordunun hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdi və SSRİ-nin tərkibinə daxil edildi. Bolşevik işğalından sonra Azərbaycanın dövlət rəmzləri ləğv olundu. Lakin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu.
Qəzet vurğulayır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Ölkədə əsaslı siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir.