İtaliyada 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirilib - FOTOLAR
Tədbirdə çıxış edən İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano: “İtaliyada çox ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliyaya göstərdiyi yardıma, habelə yaxınlıq və həmrəyliyin təcəssümü olan digər təşəbbüslərə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildirirəm. Baş Nazir Cüzeppe Konte, Xarici İşlər naziri Luici Di Maio və özümün də dəfələrlə dediyim kimi, bütün bunları heç zaman unutmayacağıq və göstərilən bu dəstək iki ölkə arasında daha da güclənəcək dərin münasibətlərin göstəricisidir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 28 may - Respublika Günü münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı və İtaliyanın “Askanews” xəbər agentliyinin media tərəfdaşlığı ilə Romada "28 May gününün Azərbaycan tarixində əhəmiyyəti və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı" adlı canlı videokonfrans keçirilib.
Videokonfransı “Askanews” xəbər agentliyinin xarici əlaqələr redaksiyasının rəhbəri jurnalist Orietta Moskatelli açaraq belə bir əlamətdar gün münasibətilə təşkil olunan tədbirə moderatorluq etməyə çox şad olduğunu bildirib və 28 may tarixinin əhəməyyəti və Azərbaycanın müstəillik illərində keçdiyi yol haqqında fikirlərini bölüşüb.
Ardınca Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci il mayın 18-də məhz Azərbaycanda qurulmuş demokratik respublikanın tarixindən və qısa müddət mövcud olmasına baxmayaraq, imza atdığı böyük tarixi yeniliklərdən bəhs edib. Sovetlər dövründə də Azərbaycan xalqının hər zaman müstəqillik arzusu ilə yaşadığını, nəhayət 1991-ci ildə tarixi imkandan istifadə edərək müstəqilliyini bərpa etdiyini, Xalq Cümhuriyyətinin zəngin ənənələrinə və tarixi varisliyə əsaslanaraq respublika qurduğunu bildirib. Müstəqilliyin bərpa edildiyi ilk illərdə Azərbaycanın üzləşdiyi ağır problemlər, o cümlədən Ermənistanın hərbi təcavüzünün ağır nəticələri barədə danışıb, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasına nail olduğunu, milli maraqların müdafiəsinə əsaslanan, siyasi və iqtisadi cəhətdən sabit, beynəlxalq münasibətlər sisteminin bir hissəsinə çevrilmiş müasir Azərbaycan dövləti modelini qurduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın önəmli nəticələr əldə edərək regional liderə çevrildiyi, beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdiyi, o cümlədən qlobal enerji təhlükəsizliyində, beynəlxalq nəqliyyat sistemində ölkəmizin fəal rolu barədə fikirlərini bölüşüb.
Sonra İtaliya Respublikası Senatının Sədri Maria Elisabetta Alberti Kasellati-nin təbrik ismarıcı səsləndirilib. Azərbaycan xalqını bayram münasibətilə təbrik edən İtaliya Senatının Sədri Azərbaycan və İtaliya arasında yaxın dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, bütün sahələrdə, siyasi, iqtisadi, mədəniyyət sahələrində geniş əməkdaşlığın mövcud olduğunu, Azərbaycan Respublikası Prezidentinin İtaliyaya cari ilin fevral ayında dövlət səfərinin iki ölkə arasında əlaqələri yeni zirvəyə qaldırdığı, xüsusilə səfər vaxtı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsin dair Birgə Bəyannamə”nin əlaqələrin növbəti illərdə daha da dərinləşməsi üçün önəmli əsas yaratdığını bildirib. İki il öncə Azərbaycana rəsmi səfəri vaxtı ölkəmizlə yaxından tanış olduğunu deyən Senatın Sədri Azərbaycanın yüksək nailiyyətlərinin şəxsən şahidi olduğunu, ölkəmizin regionda İtaliyanın başlıca istinad nöqtəsi olduğunu, Azərbaycanla İtaliya arasında çoxlu oxşarlıqların olduğunu deyib, Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə hörmətə əsaslanan multikulturalizm modelini, bir çox qərb ölkələrdən öncə məhz Azərbaycanda qadınlara seçki hüququnun verilməsini təqdir edib.
Ardınca birbaşa videobağlantı ilə tədbirə ilk qatılan İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano İtaliya hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib, Azərbaycan Respublikası Prezidentinin İtaliyaya dövlət səfərini iki ölkə arasındakı münasibətlərdə tarixi mərhələ adlandırıb və bu səfərin müstəsna strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrə böyük təkan verdiyini söyləyib. Səfər vaxtı çoxsaylı sənədlərin, o cümlədən iki ölkənin hökumət başçıları arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalandığını, hazırda pandemiyadan irəli gələn çətinliklərə baxmayaraq, iki ölkə arasında siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşəcəyinə nikbinliklə baxdığını və Prezident İlham Əliyevin səfəri vaxtı bu mövzularda aparımış geniş və çox maraqlı müzakirələrdə şəxsən iştirak etdiyini bildirib. Münasibətlərdə iqtisadi sektorun əhəmiyyətini vurğulayan dövlət katibi İtaliyanın uzun illərdir Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, xüsusilə də enerji sektorunda güclü əməkdaşlığın olduğunu, TAP boru kəmərinin istismara verilməsi ilə bu əməkdaşlığın daha da dərinləşcəyini, iqtisadiyyatın digər sahələrində mövcud olan geniş imkanlardan faydalanmağın əhəmiyyətini bildirib. İki ölkə arasında humanitar sahələrdə də geniş əməkdaşlığın mövcud olduğunu, mədəniyyət, universitetlərarası, elm və texnologiyalar sahələrində çoxsaylı mübadilələrin həyata keçiridiyini, 2020-ci ildə İtaliyada Azərbaycan Mədəniyyət İlinin elan olunduğunu və epidemioloji vəziyyətin düzəlməsi ilə İtaliyada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlərin davam edəcəyinə böyük ümidlər bəslədiyini və bu tədbirlərin iki ölkə arasında yaxın dostluq əlaqələrini daha da dərinləşdirəcəyinə əminliyini bildirib. Çıxışının sonunda Manlio Di Stefano bu imkandan istifadə edərək İtaliyada çox ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliyaya göstərdiyi yardıma, yaxınlıq və həmrəyliyin təcəssümü olan digər təşəbbüslərə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib, Baş Nazir Cüzeppe Konte, Xarici İşlər naziri Luici Di Maio və özünün də dəfələrlə dediyi kimi, bütün bunları heç zaman unutmayacaqlarını və göstərilən bu dəstəyin iki ölkə arasında daha da güclənəcək dərin münasibətlərin göstəricisi olduğunu deyib. Dövlət katibi Azərbaycan və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişinin tezliklə imzalanmasında İtaliyanın bütün lazımi dəstək verməyə hazır olduğunu bildirib.
Ardınca birbaşa videobağlantı ilə tədbirdə çıxış edən İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi iki ölkə arasında parlamentlərası əməkdaşlığın əhəmiyyətindən, rəhbərlik etdiyi assosiasiyasının Azərbaycan-İtaliya münasibətlərinə verdiyi töhfələrdən danışıb, Prezident İlham Əliyevin dövlət səfəri zamanı söylədiyi fikirlərə istinad edərək “İtaliyanın Azərbaycanın strateji tərəfdaşı və Avropada bir nömrəli tərəfdaşı” olduğunu bildirib.
Bundan sonra birbaşa videobağlantı ilə TAP layihəsinin sərmayədarlarından olan “Snam S.p.A” şirkətinin vitse-prezidenti Alessandra Pasini iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, TAP layihəsinin strateji əhəmiyyəti, “Snam” və SOCAR arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar, bu xüsusda şirkətlər arasında Prezident İlham Əliyevin dövlət səfəri vaxtı imzalanmış sənədin əhəmiyyəti barədə danışıb.
Ardınca birbaşa videobağlantı ilə İtaliya-Azərbaycan Ticarət Palatasının sədri Manuela Traldi isə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və gücləndirilməsi üçün mövcud olan imkanlar, bu xüsusda rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Tədbirə sonuncu birbaşa videobağlantı ilə qoşulan İtaliyanın nüfuzlu "Luiss Guido Carli" Universitetinin vitse-prezidenti, sabiq Ədliyyə naziri Paola Severino isə iki ölkə arasında humanitar, mədəniyyət və akademik sahələrdə əməkdaşlıqdan danışıb, Prezident İlham Əliyevin dövlət səfəri vaxtı "Luiss Guido Carli" Universiteti ilə ADA Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında sənədin əhəmiyyətindən, iki universitet arasında gələcək əməkdaşlıq layihələrindən danışıb və rəhbərlik etdiyi qurumun iki ölkə arasında əlaqələrin daha da dərinləşməsində iştirak edəcəyindən məmnunluğunu bildirib.
Tədbirin sonunda səfir Məmməd Əhmədzadə bütün natiqlərə iştiraklarına və fikirlərinə görə təşəkkürünü bildirib, son iki ildən də az müddət ərzində həyata keçirilən 4 ən yüksək səviyyəli tarixi səfərlərin – 2018-ci ilin iyul ayında İtaliya Respublikası Prezidentinin Azərbaycana dövlət səfərinin, 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliyaya rəsmi səfərinin, 2018-ci ilin oktyabr ayında İtaliya Senatının Sədrinin Azərbaycana rəsmi səfərinin, cari ilin fevral ayında isə Azərbaycan Respublikası Prezidentinin İtaliyaya dövlət səfərinin iki ölkə arasında münasibətlərdə önəmli tarixi mərhələ olduğunu və Azərbaycan Respublikası Prezidentinin İtaliyaya son səfərinin növbəti illər üçün əlaqələrin daha da dərinləşməsinə böyük təkan verdiyini, xüsusilə də səfər vaxtı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsin dair Birgə Bəyannamə”nin münasibətlərdə tarixi nailiyyət olduğunu, bu sənədin əməkdaşlığın bütün sahələrini əhatə etməsi ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhələrinin toxunulmazlığı əsasında nizamlanmasına İtaliyanın dəstəyinin ifadə edilməsi nöqteyi-nəzərdən də əhəmiyyətini bildirib. Səfir Azərbaycan-İtaliya strateji tərəfdaşlığının əsasını təşkil edən siyasi, iqtisadi və humanitar istiqamətlər barədə, xüsusilə də Heydər Əliyev Fondunun iki ölkə arsında mədəniyyət sahəsində mübadilələrdə vacib rolundan danışıb, post-pandemiya dövründə əlaqələrin daha da dərinləşdirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.
Tədbirdə, eləcə də jurnalistin sualına cavab olaraq, Məmməd Əhmədzadə ölkəmizdə COVID-19 epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, bu xüsusda ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi dəstək, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrə edilmiş yardımlar, habelə ölkəmizin Qoşulmama Hərəkatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına rəhbərliyi çərçivəsində təşkil etdiyi videokonfrans vasitəsilə müvafiq zirvə görüşləri barədə məlumat verib. Azərbaycanın dost İtaliya xalqına bu çətin günlərdə həmrəylik və yaxınlıq nümayiş etdirdiyini, müvafiq humanitar yardımla yanaşı, Bakı Media Mərkəzi tərəfindən hazırlanmış Ciakomo Puççininin “Nessun Dorma” ariasının sədaları altında videoçarx və Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası barədə danışıb. Azərbaycan ilə İtaliya arasında dostluğun və yaxınlığın rəmzi kimi iki ölkənin dövlət bayramlarının da tarixlərinin bir-birinə yaxın olduğunu deyən səfir italiyalı dostları 2 İyun - Respublika Bayramı münasibətilə də təbrik edib.
Videokonfrans vaxtı Azərbaycanın bu günki həyatını göstərən videoçarxlar, İtaliya Respublikası Prezidentinin Azərbaycana dövlət səfəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliyaya rəsmi səfəri, İtaliya Senatının Sədrinin Azərbaycana rəsmi səfəri və Azərbaycan Respublikası Prezidentinin İtaliyaya dövlət səfərindən kadrlar, Bakı Media Mərkəzi tərəfindən hazırlanmış Ciakomo Puççinin “Nessun Dorma” ariasının sədaları altında videoçarx və Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası nümayiş etdirilib.
Videokonfrans səfirliyin sosial media profillərində canlı olaraq yayımlanıb və videokonfrans media tərəfdaşı olan “Askanews” xəbər agentliyi tərəfindən tədbirlə bağlı silsilə məlumatlar yayımlanıb.
Videokonfransın videoyazısına Azərabycanın İtaliyadakı səfirliyinin rəsmi “Facebook” səhifəsindən baxmaq mümkündür:
https://www.facebook.com/AmbasciataAzerbaigian/videos/698952360905526/