Monteneqronun ən nüfuzlu “volimpodgoricu.me” informasiya portalında “1918-ci ildə müstəqil Azərbaycan Respublikasının yaradılması” adlı məqalə dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə 28 May - Respublika Gününün tarixi, onun nəinki Azərbaycan, həm də bütün müsəlman Şərqi üçün ilk müstəqil respublika olaraq əvəzolunmaz rolundan danışılıb.
Bildirilib ki, Azərbaycan Demokratik Respublikasının qurulması heç də asan olmayıb və o, bir çox çətin tarixi mərhələlərdən keçərək İslam dünyasına örnək təşkil edib. Məhz 1918-ci il mayın 28-də Tiflisdə elan olunan demokratik respublikanın müstəqillik deklarasiyası təsdiqlənib. Demokratik Cümhuriyyət uzun sürməsə də, var olduğu 23 ay ərzində çox şey edə bilib. Bu dövrdə Azərbaycanın Dövlət bayrağı və vətəndaşı bərqərar olub, Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad edən Milli Ordu yaradılıb. Həmçinin Bakı Dövlət Universitetinin əsası qoyulub və bu da hökumətin təhsilə nə qədər diqqət yetirdiyini göstərib. 200-dən çox qanun, o cümlədən qadınlara səsvermə hüququ verən qanun qəbul edilib.
Azərbaycan öz müstəqilliyini bir də 71 il sonra - 1991-ci il oktyabrın 18-də qaytara bilib və özünü 1918-ci ildəki Cümhuriyyətin xələfi elan edib. Müstəqilliyinin bərpasından sonra respublika bir çox çətinliklərlə qarşılaşıb və 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə uğurlu inkişaf yoluna qədəm qoyub.
Bu gün Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan təkcə Cənubi Qafqazda deyil, dünyada da nüfuzlu bir dövlət mövqeyini möhkəmləndirib.