Efiopiyanın nüfuzlu qəzetlərində “Azərbaycan Müsəlman Şərqində ilk respublikanın 102-ci ildönümünü qeyd edir” adlı məqalələr dərc olunub - FOTOLAR
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayevin bu ölkənin nüfuzlu “The Reporter” və “Capital” qəzetlərində amhar və ingilis dillərində “Azərbaycan Müsəlman Şərqində ilk respublikanın 102-ci ildönümünü qeyd edir” adlı məqalələri dərc olunub.
Azərbaycanın Efiopiyadakı səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məqalələrdə səfir Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında məlumat verərək 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı qısa müddət ərzində zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, dövlət institutlarının təsis olunması, qadınlara səsvermə hüququnun bəxş edilməsi, tolerantlıq ənənələrinin əsasının qoyulması kimi tarixi nailiyyətlərə imza atdığını və bu nailiyyətlərin əsasında Azərbaycan xalqının səylərinin dayandığını vurğulayıb.
Yenicə yaranmış Cümhuriyyətin 20-ci əsrin əvvəllərində beynəlxalq ictimaiyyətlə diplomatik əlaqələri barədə məlumat verən səfir Birinci Dünya müharibəsindən sonra keçirilmiş Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı və dünyanın aparıcı ölkələrinin Azərbaycan Xalq Cümhuriyyətini tanıması barədə söhbət açıb.
Səfir ölkəmizdə 20-ci əsrin əvvəlində əsası qoyulmuş tolerantlıq, harmoniya, multikulturalizm və mədəniyyətlərarası dialoq ənənələrinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini və dövlət siyasəti olduğunu qeyd edib. Prezident İlham Əliyevin apardığı çoxşaxəli siyasət nəticəsində ölkəmizin qazandığı böyük uğurlar, həmçinin beynəlxalq ictimaiyyətlə əməkdaşlığı barədə məlumat verilib.
Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın 90-cı illərin əvvəllərində çox çətin dövrlərdən keçdiyini qeyd edən səfir 1993-cü ildə vətəndaş müharibəsi, anarxiya və tamamilə süqut vəziyyətində olan və torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanda xalqın israrlı təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində stabillik və təhlükəsizliyin bərqərar edildiyini, ölkənin bütün sahələrində uzunmüddətli inkişafına təkan verən siyasi kursun həyata keçirilməsinin təmin olunduğunu bildirib.
E.Abdullayev bu gün Ermənistanın Azərbaycana qarşı işğalının davam etdiyini qeyd edərək torpaqlarımızın 20 faizdən çoxunun Ermənistanın işğalı altında olduğunu və 1 milyondan çox qaçqın və məcbur köçkünümüzün öz tarixi torpaqlarına dönə bilmədiklərini vurlayıb. Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrində əks olunmuş tələblərə baxmayaraq, Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə hörmətsizlik etməkdə davam etdiyini deyib.
Səfir məqalədə, həmçinin Efiopiyanın da milli bayramının 28 may tarixinə təsadüf etdiyini və Afrika Gününün 25 may tarixində qeyd olunduğunu bildirərək Afrikanın inkişafında qitənin xalqlarının rolunu yüksək qiymətləndirib.