ABŞ-ın Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş bəyanatda deyilir: “Təqribən 30 ildir ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında mühüm tərəfdaşlıq münasibətləri mövcuddur. Bakı ilə Vaşinqton təhlükəsizlik, energetika, iqtisadi inkişaf, habelə insan hüquqları sahələrində əməkdaşlıq edir”.
Dövlət katibinin bəyanatında Əfqanıstanda sülhyaratma əməliyyatları çərçivəsində iki ölkənin əməkdaşlığından, Cənub Qaz Dəhlizinin tikintisi və işə salınması vasitəsilə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə birgə fəaliyyətdən, habelə dünyanın bəzi ən kəskin problemlərinin həllində qarşılıqlı fəaliyyətdən danışılır.
Bəyanatda vurğulanır ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq, əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Sonda deyilir: “Mən əminəm ki, COVID-19 pandemiyasının bu il dünyada spesifik çətinliklər yaratmasına baxmayaraq, Azərbaycan xalqı bu təhdidi mətanətlə və qətiyyətlə qarşılayacaq. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir".