NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ABŞ Helsinki Komissiyasının sədri, Konqresdə Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Florida ştatını təmsil edən Əlsi Heystinqz Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib (https://www.congress.gov/congressional).
Konqres üzvü bəyanatında müsəlman aləmində ilk dünyəvi demokratik dövlət olan və Sovet İttifaqının dağılması ilə yenidən müstəqillik qazanan Azərbaycanın regional sabitliyin qorunması və təhlükəsizlik sahəsində əməkdaşlıqda ABŞ-in tərəfdaşı olduğunu ifadə edib.
Ə.Heystinqz Azərbaycan və İsrail arasındakı dostluq əlaqələrini ön plana çəkərək təqdir edib, 30 mindən çox yəhudinin doğma evi olan Azərbaycanın İsrailin etibarlı tərəfdarı olduğunu vurğulayıb.
Bəyanatda, həmçinin Azərbaycanın regional təhlükəsizlik və sabitlik sahəsindəki rolu, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmaması, habelə ABŞ-ın Əfqanıstandakı qoşunlarına dəstəyi, BMT və NATO sülhməramlılarına töhfəsi vurğulanıb.