Diaspor fəalının Ukrayna mətbuatında Ermənistanın işğalçılıq siyasətini ifşa edən məqaləsi dərc olunub
Ukraynanın nüfuzlu “obozrevatel.com” saytında Azərbaycanın diaspor fəalı Murad Cəfərovun 28 May - Respublika Günü ilə bağlı məqaləsi dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müəllif məqalədə Azərbaycan müstəqil dövlət kimi yarandığı dövrdən Ermənistanın torpaq iddiaları ilə rastlaşdığı barədə ətraflı məlumat verib.
“Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd olunur. 102 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Azərbaycan dövlətinin varlığının ilk günlərindən qonşu Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü. Yeni yaradılan Ermənistan dövlətinin paytaxtı üçün uyğun bir şəhəri yox idi və buna görə də o dövrdə əhalisinin xeyli hissəsi azərbaycanlılardan ibarət olan İrəvan şəhərini (indiki Yerevan) görmək istəyirdi. Azərbaycanın o zamankı hakimiyyəti səhvən bu şəhərin güzəşt edilməsinin iki xalq arasında barışığa kömək edəcəyini düşünürdü. Təəssüf ki, hadisələrin sonrakı gedişi bu ümidlərin uğursuz olduğunu göstərdi. İrəvanı paytaxt olaraq qəbul edən erməni şovinistləri Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağı tələb edərək daha geniş miqyaslı ərazi iddialarını irəli sürdülər”, - deyə müəllif əlavə edib.
Məqalədə, həmçinin Azərbaycanın işğal altında olan Şuşa şəhərində qondarma andiçmə mərasiminin keçirilməsi məsələsi sərt tənqid olunub.
“Ermənistanın işğalı altında olan Azərbaycanın Şuşa şəhərində işğal olunmuş ərazilərdə yaradılan kukla rejiminin rəhbərinin "andiçmə mərasimi" baş tutdu. Bu yolla Ermənistan bütün beynəlxalq birliyə meydan oxudu. Bundan əvvəl, Qarabağda qondarma "prezident seçkisi"nin birbaşa keçirilməsi zamanı bir çox beynəlxalq təşkilatlar və ölkələr, o cümlədən Ukrayna "səsvermənin nəticələrini" tanımadıqlarını, həmçinin bu ərazinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etdilər”.
M.Cəfərov məqalədə Ermənistanın işğalçı siyasətini ifşa edən bir sıra faktlar barədə ətraflı məlumat verib.