Türkiyə mediası Azərbaycanın Respublika gününə dair materiallara geniş yer ayırıb - FOTOLAR
Türkiyə ictimaiyyəti, o cümlədən aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın müstəqillik bayramı sevincini ortaq dəyər kimi bölüşüb. 28 May - Respublika Günü qardaş ölkədə böyük sevgi və məhəbbətlə qarşılanıb. Ümummilli lider Heydər Əliyevə məxsus “Bir millər, iki dövlət!” kəlamı hər kəsin sevə-sevə ifadə etdiyi bir şüar kimi təqdim olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu və İHA agentlikləri, “TRT HABAR”, “TRT AVAZ” “BENGÜ TV” televiziya kanalları, eləcə də “Milliyyet”, “Akşam”, “Sabah”, Hürriyyet” və digər aparıcı qəzetlər, rəsmi və ictimai xəbər portalları, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və müasir dövlətimiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakıda ucaldılmış abidəni ziyarət etməsi, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısına təbriki və digər mühüm məqamlar barədə materiallara geniş yer ayırıblar. Bundan başqa, görkəmli ziyalılar və alimlər, köşə yazarları KİV-də cümhuriyyətimizlə bağlı maraqlı məqalələrlə çıxış ediblər.
Dövlətçilik bayramımızın sevincini bölüşən qardaş ölkədə son bir neçə gün ərzində yaşanan bir sıra mühüm məqamları təqdim edirik.
Materiallarda diqqətə çatdırılır ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA, TÜRKSOY və digər mötəbər təşkilatlardan Prezident İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbriklər daxil olub. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək “Twitter” səhifəsində paylaşaraq yazıb: “Azərbaycan Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü səmimi arzularımla təbrik edir, Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün Azərbaycan xalqına öz adımdan və millətim adından salamlarımı və sevgilərimi çatdırıram”.
28 May – Respublika Günü münasibətilə İstanbulda iki qitəni birləşdirən “15 İyul Şəhidlər”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri, eləcə də tarixi Qalata Qülləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması qardaş ölkədə yaşanan Azərbaycanın bayram sevincini təzahür etdirib. Türkiyənin aparıcı KİV-ləri “İstanbulun simvolları Azərbaycan bayrağının rənglərinə büründü...” sərlövhəsi ilə təqdim etdikləri materialla birlikdə rəngarəng fotolar və videomaterial paylaşıblar.
Türkiyənin nüfuzlu “HABER TÜRK” saytı ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahimin tanınmış jurnalist, professor Kürşad Zorlu tərəfindən hazırlanan geniş müsahibəsini yayıb. Müsahibədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, dünya birliyi tərəfindən tanınması, Qafqaz İslam Ordusunun tarixi missiyası, həmçinin 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası prosesi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması, eləcə də COVID-19 infeksiyasına qarşı Azərbaycanda aparılan sistemli mübarizə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında Türkiyədə çalışan azərbaycanlı həkim-mütəxəssislərin infeksiya ilə mübarizə üçün ölkəmizə getməsi kimi məsələlərə toxunulub.
“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver “Azərbaycan Respublikası 102 yaşında” sərlövhəli məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və müasir Azərbaycan dövləti barədə müfəssəl məlumat verib. Professor yazır ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının, eləcə də müstəqilliyimiz üçün tarixi missiya həyata keçirən ziyalılarımızın arzu və istəklərinin, həmçinin atributlarımızın yaşamasını təmin etməklə “Bir dəfə yüksələn bayraq bir daha enməz!” şüarının tarixi həqiqət olduğunu təsdiqləyib.
“Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının növbəti verilişi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunub. Tanınmış telejurnalist Səidə Ömərin təqdimatında tamaşaçıların görüşünə gələn “Cümhuriyyət bayramı” verilişinin qonağı olan Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin deputatı Arzu Ərdəm və başqaları bayram təbriklərinə qoşulmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin Azərbaycanın haqq işinə olan dəstəyi barədə də fikir və mülahizələrini tamaşaçılarla bölüşüblər. Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətindən danışan Hulusi Kılıç əminliklə ifadə edib ki, iki qardaş ölkənin birgə inkişafı regionda sülhün və əmin-amanlığın qarantıdır.
Azərbaycanın Türkiyədəki səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) birgə təşkilatçılığı ilə “Can Azərbaycan və onun geopolitik mövqeyi” mövzusunda videokonfrans keçirilib. Respublika Günü, həmçinin qardaş ölkənin ictimai təşkilatları tərəfindən böyük məhəbbətlə qeyd olunub. Mərkəzi qərargahı Ankarada olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren, İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Pahsa, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal, Kocaelidəki Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar və başqaları 28 May - Respublika Günü münasibətilə bayram təbrikləri ünvanlayıblar.
28 May - Respublika Günü münasibətilə yayılan məqalələrdə, reportaj, veriliş və videomateriallarda Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası, Azərbaycan və Türkiyə qardaşlığını tərənnüm edən mühüm məqamlar, respublikamızın inkişaf istiqamətləri, ərazi bütövlüyü naminə birlik, həmrəylik və mübarizə çağırışları yer alıb.