Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2020-ci ilin may ayı ərzində bir sıra qərarlar qəbul edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilərək qanunvericiliyin tələblərinə riayət etməklə, iaşə xidməti, tibbi və psixoloji xidmət təşkil edilməsi qərara alınıb. Həmçinin 16 may tarixində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 3 iyun tarixli 71 nömrəli və “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” 2019-cu il 3 iyun tarixli 72 nömrəli qərarlarında dəyişiklik edilib.
Nazirlər Kabinetinin 2013-cü il 1 iyul tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilən “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nda da dəyişiklik edilib. Dəyişikliyə əsasən uşaqları tərbiyə, müalicə, əhaliyə sosial xidmət və digər analoji müəssisələrdən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərini müdafiədən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi tələb edilir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.