Zakari Qros: Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qros AZƏRTAC-a məxsusi müsahibəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından danışıb. Fransa ilə Azərbaycan arasında dostluq və qarşılıqlı etimad münasibətlərinin inkişaf etdiyini bildirən səfir 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gələndən sonra Fransa ilə tərəfdaşlıq üçün strateji seçim etdiyini vurğulayıb. Bu seçimin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyən səfir bunun ölkələrimizin maraqlarının üst-üstə düşdüyünü əks etdirdiyini bildirib.
Diplomat qeyd edib ki, Fransanın müstəqil, sabit, firavan və demokratik Azərbaycanla əlaqələrə marağı var. Azərbaycanın da Avropa İttifaqı ilə birlikdə bölgənin təhlükəsizliyi və sabitliyinə töhfə verən Fransa ilə münasibətlərə marağı var. “Fürsətdən istifadə edərək, bütün azərbaycanlıları milli bayram münasibətilə təbrik edir, uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram. Azərbaycan xalqı qısa zaman kəsiyində əldə olunan tərəqqi ilə fəxr edə bilər”.
Ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunan diplomat Fransa ilə Azərbaycan arasındakı iqtisadi mübadilələrin 2019-cu il ərzində 20 faizdən çox artımla inkişaf etdiyini deyib. Bunun məmnunluq doğurduğunu qeyd edən səfir ilin əvvəlindən etibarən istehlak və sərmayəni ləngitmiş COVID-19 pandemiyasının təsiri nəticəsində mübadilələrin azaldığını bildirib: “Lakin ölkələrimiz iqtisadiyyatın dirçəldilməsi, iş yerlərinin və ciddi ziyan çəkmiş sektorların qorunması üçün əhəmiyyətli tədbirlər gördülər. Avropa İttifaqı da, həmçinin 500 milyard avro dəyərində kredit zəmanəti proqramları elan etdi. Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel böhrandan ən çox əziyyət çəkən bölgələr üçün əlavə 500 milyard avro yardım planı təklif etdilər”. Bu ilin ikinci yarısında və 2021-ci ildə yenidən artımın olacağına ümid etmək üçün səbəblərin olduğunu bildirən Zakari Qros deyib ki, bu, vacibdir, çünki fransız şirkətləri Azərbaycanda müxtəlif sektorlar, məsələn, dəmir yolu nəqliyyatı, su, kənd təsərrüfatı və neft-kimya sahələri ilə bağlı təkliflər irəli sürüblər.
Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarını dəyərləndirən diplomat bunun heyranedici olduğunu söyləyib. O, ölkələrimizdə mövcud olan dünyəvilik prinsiplərinin müasir, bərabər və inklüziv cəmiyyətin inkişafı üçün vacibliyini qeyd edib.
Təhsil sahəsindəki əlaqələrə də münasibət bildirən Zakari Qros deyib: “Fransada təhsil çox yüksək səviyyədədir. Fransadakı universitetlərdə təhsil xərci digər Avropa ölkələrinə nisbətən daha aşağıdır. Ölkənin bütün şəhərlərində gözəl universitetlər var. Buna görə də azərbaycanlı tələbələri fransız universitetlərinin təkliflərini araşdırmağa dəvət edirəm. www.campusfrance.org saytında çox məlumatlar var. Bundan başqa, səfirlik hər il xüsusi olaraq Fransada təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün təxminən on beş təqaüd təklif edir. Müraciətlər bu il iyunun 5-dək təqdim edilməlidir. Bütün digər tələbələr kimi azərbaycanlıların müraciət edə biləcəyi digər təqaüdlər də var. Bu il, məsələn, səfirliyin təqaüdlərindən əlavə, fransız hökumətinin altı “Eyfel” təqaüdü verildi. Bu il Fransanın “Total” şirkəti on təqaüd verib. Məlumatları Azərbaycandakı Fransız İnstitutunun saytında (www.ifa.az) tapmaq olar. Səfirlikdə və institutda gənc azərbaycanlıların suallarını cavablandırmaq və layihələrinə kömək etməklə məşğul olan iki əməkdaşımız var”.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran səfir bu münaqişənin bütün münaqişələr kimi, ilk növbədə, həm mülki, həm də hərbçi qurbanlar, onların ailələri, qaçqın və məcburi köçkünlər üçün acı bir münaqişə olduğunu qeyd edib. Dağlıq Qarabağ məsələsində dinc və davamlı bir nəticə axtarmağa və onu tənzimləməyə çalışan ATƏT-in Minsk qrupu çərçivəsində diplomatik bir prosesin qurulması əhəmiyyətlidir. Videokonfrans vasitəsilə aparılan sonuncu məsləhətləşmələrdə olduğu kimi, həmsədr ölkələrlə birlikdə konstruktiv danışıqların davam etdirilməsinə münbit şəraitin yaradılmasına çalışmalıyıq. Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı istəyə açıq şəkildə qarşı çıxır. Hamıdan praqmatizm, kreativlik və kompromis ruhu tələb olunur. Minsk qrupunun həmsədri kimi Fransanın fəaliyyətinin mahiyyəti budur.
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq saziş layihəsinə toxunan səfir bu saziş layihəsinin siyasi dialoqdan tutmuş iqtisadi tərəfdaşlığa, davamlı inkişafa, iqlim dəyişikliyinə qarşı mübarizəyə, mədəniyyət məsələlərinə və s. daxil olmaqla həqiqətən də bütün sahələri əhatə etdiyini vurğulayıb.
COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı suala cavabında diplomat bunun üçün daha çox beynəlxalq səviyyədə əməkdaşlığın tələb olunduğunu vurğulayıb. O, ilk növbədə, BMT və Ümumdünya Səhiyyə Təşkilatına dəstək verməyin vacibliyini qeyd edib.