Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya ölkəsinin milli bayramı – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məktubda Azərbaycan ilə İtaliya arasında mövcud olan sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsinin və dinamikasının böyük məmnunluq hissi doğurduğu bildirilib. “Cari ilin fevral ayında gözəl ölkənizə dövlət səfəri zamanı Sizinlə səmimi şəraitdə keçən görüşlərimizi, apardığımız danışıqları, mənə və Mehriban xanım Əliyevaya göstərilən yüksək diqqət və qonaqpərvərliyi ən xoş təəssüratlarla xatırlayıram”, – deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye, təhsil, mədəniyyət, müdafiə və digər sahələrdə mövcud olan yüksək səviyyəli dialoq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək.
“Eyni zamanda koronavirus xəstəliyinə qarşı mübarizədə Azərbaycan xalqının dost İtaliya xalqı ilə həmrəy olduğunu bir daha qeyd etmək istəyirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev Prezident Sercio Mattarellaya möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, İtaliya xalqına daim rifah arzulayıb.