NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mərakeş Krallığının “Jisr Press” və “AMAPresse” saytlarında 28 May – Respublika Gününə həsr olunmuş məqalə dərc edilib.
Məqalədə bildirilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycanda Respublika Günü kimi dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət nümunəsi oldu. Azərbaycan Xalq Cümhuriyyəti ölkədə baş verən ictimai, siyasi və mədəni inkişaf, Azərbaycan xalqının milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi yaranmışdı.
Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi qiymətləndirmək olar. Cəmi 23 ay ömür yaşamış müstəqil Azərbaycan Cümhuriyyəti böyük nailiyyətlər əldə etdi. Bir çox Avropa ölkəsindən əvvəl qadınlara seçki hüququ verildi, milli ordu yaradıldı, xarici siyasət və təhlükəsizlik strukturları quruldu, Bakı Dövlət Universiteti yaradıldı, milli pul vahidi buraxıldı, beynəlxalq ictimaiyyət Azərbaycanın müstəqilliyini rəsmi şəkildə tanıdı.
Məqalədə Azərbaycanın müasir tarixinə xüsusi yer ayrılır. Qeyd olunur ki, 1991-ci ildə yenidən müstəqillik qazanmasından sonra Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçid və beynəlxalq iqtisadiyyata inteqrasiya məqsədilə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlara üzv olub, mühüm beynəlxalq müqavilələrə və konvensiyalara qoşulub, ölkədə ciddi sosial-iqtisadi dəyişikliklər baş verib.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən maddi-mədəni və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasətin həyata keçirildiyinə toxunan müəllif qeyd edir ki, Ermənistanın hərbi təcavüzü, nəticədə Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğalı, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması Azərbaycanın ən ağrılı problemdir. Münaqişənin nizamlanması ilə bağlı Azərbaycan aydın mövqe tutub. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.
Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətimizin qurulması və möhkəmləndirilməsi istiqamətində fəaliyyəti barədə məlumat verilir. Bildirilir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə tədricən bu böhrandan çıxmağa başladı, ölkədə ictimai və siyasi sabitlik bərqərar olundu, milli birlik təmin edildi və həyatın bütün sahələrində yenidənqurma işlərinə başlanıldı.
Müəllif vurğulayır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi-iqtisadi kurs özünü doğrultdu. Hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyi olan bu siyasi irs 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yeni dövrə qədəm qoyub, özünün siyasi, iqtisadi müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub, son illər ərzində bütün sahələrdə böyük tərəqqi baş verib. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.
Məqalədə Azərbaycanın elm, mədəniyyət, təhsil, səhiyyə sahələrində həm respublika, həm də beynəlxalq səviyyədə öz xidmətləri ilə tanınan, idmanın inkişafına qayğı göstərən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi həyatında rolu, dövlətin tərəqqisi naminə çoxşaxəli fəaliyyəti və mühüm töhfələri barədə də bəhs edilir. Mehriban Əliyevanın fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirildiyi vurğulanır.
Mərakeş-Azərbaycan münasibətlərinə toxunulan məqalədə 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilən VII İslam Zirvə Toplantısı zamanı Ulu Öndərin Mərakeş Kralı II Həsən ilə görüşü xatırladılır. Qeyd edilir ki, həmin görüşdə iki qardaş ölkə arasında münasibətlərin perspektivlərinə dair aparılmış fikir mübadiləsi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün zəmin yaratmış və bununla bu əlaqələrin formalaşması və inkişafında yeni səhifə açmışdır. Eyni zamanda, Ümummilli Liderin Azərbaycan-Mərakeş münasibətlərinin formalaşmasında və inkişafında rolu xüsusi vurğulanaraq, bu dostluq münasibətlərinin Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Yazıda vurğulanır ki, ikitərəfli əlaqələr xüsusən də son illərdə bu sahədə böyük nailiyyətlərin əldə etməsindən sonra iki xalqın biri-birinə daha da yaxınlaşmasına xidmət edir.