Peru Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
Mayın 28-də Peru Konqresi sədrinin ikinci müavini Gilyermo Aliaqa Paxaresin təşəbbüsü əsasında bu qanunverici orqanda Azərbaycanın Respublika Günü münasibətilə ölkəmizə ünvanlanan təbrik bəyanatı qəbul edilib.
Ölkəmizin Perudakı diplomatik nümayəndəliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, bəyanatda 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərq dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda, ilk parlamentli respublika olduğu qeyd olunur və bu əlamətdar günün xalqımız üçün önəmi vurğulanır.
Təbrikdə Perunun ölkəmizlə sıx dostluq əlaqələrinin olduğu bildirilir, Azərbaycan xalqına və ölkə rəhbərliyinə demokratiyanın möhkəmləndirilməsi yolunda gördüyü işlərə görə ehtiram ifadə edilir.