İyunun 4-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Serbiya Baş Nazirinin birinci müavini və Xarici İşlər naziri İvitsa Daçiç ilə telefon söhbəti olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, mövcud qlobal sağlamlıq böhranı ətrafında fikir mübadiləsi aparan nazirlər yeni koronovirusla mübarizədə dövlətlərin həmrəyliyinin və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.
Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə məlumat mübadiləsi edərək, Azərbaycan və Serbiya arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər. Hər iki ölkənin dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qəti mövqeyi nazirlər tərəfindən bir daha səsləndirilib. Bu xüsusda, ikitərəfli sənədlərdə əks olunduğu kimi, hər iki ölkənin prinsipial mövqeyi vurğulanıb.
Tərəflər, həmçinin ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə etdilər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılmasını qeyd ediblər.
Nazirlər təmasların saxlanılmasına razılaşıblar və pandemiya bitdikdən sonra ölkələrə səfərlərin həyata keçirilməsi ilə bağlı qarşılıqlı dəvət mübadiləsini həyata keçiriblər.