DSX: Qazax və Ağstafa rayonları ərazisində Ermənistanın yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir
Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan “hayzinvor.am” saytında iyunun 4-də yerləşdirilmiş materialda Ermənistan silahlı qüvvələrinin işğalçı ölkənin şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhədində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan bununla bağlı məlumatda bildirilir ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermənistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir.
Əksinə, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb.