Kommunal təyinatlı 14 ədəd nəqliyyat vasitəsi istismara verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kommunal təyinatlı bir sıra nəqliyyat vasitələri Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə, eləcə də müvafiq rayon kommunal müəssisələrinin və bələdiyyələrin istifadəsinə verilib. İstifadəyə verilən 14 ədəd nəqliyyat vasitəsindən 5 ədədi bərk tullantıların daşınması üçün Kamaz, 6 ədədi məişət tullantılarının daşınması üçün nəqliyyat vasitəsi, 3 ədədi isə digər kommunal təyinatlı texniki nəqliyyat vasitəsidir.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov bilirib ki, muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin əsas məqsədi əhaliyə göstərilən xidmətin səviyyəsini daha da yüksəltməkdir. Bu gün Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə, müvafiq rayon kommunal müəssisələrinin və bələdiyyələrin istifadəsinə nəqliyyat vasitələrinin verilməsi də bu tədbirlərin davamıdır.
Baş Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2017-ci ilin əvvəlindən etibarən kənd yaşayış məntəqələrində məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin bələdiyyələr tərəfindən həyata keçirilməsinə başlanılıb və bu layihə uğurla davam etdirilir. Muxtar respublikamızda yeni növ koronavirus pandemiyasının az hiss edilməsinin səbəblərindən biri də, məhz vaxtında gigiyenik qaydalara tam əməl olunması, binaların zirzəmilərinin daim təmiz saxlanılması, məişət tullantılarının məhvi və bu istiqamətdə digər qabaqlayıcı tədbirlərin yüksək səviyyədə təşkili ilə əlaqədardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq tapşırıqlarına uyğun olaraq yeni alınan 5 ədəd Kamaz markalı nəqliyyat vasitələrinin dəyərinin ödənilməsi üçün ümumilikdə 627 760 manat vəsait ayrılıb. Qeyd edək ki, Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə verilən həmin nəqliyyat vasitələri 2020-ci il istehsalı olmaqla, müasir tipli texniki avadanlıqlara təchiz edilib. Yeni istifadəyə verilən Kamaz tipli nəqliyyat vasitələrinin 3-ü 14 kubmetr yükgötürmə qabiliyyətli, 2-si isə 10 kubmetr yükgötürmə qabiliyyətlidir.
Tədbirdə Şərur Rayon Kommunal Müəssisələr Kombinatına 2 ədəd kommunal təyinatlı texniki nəqliyyat vasitəsi, Babək Rayon Kommunal Müəssisələr Kombinatına 1 ədəd texniki təyinatlı nəqliyyat vasitəsi, eləcədə rayonun Nehrəm və Cəhri bələdiyyələrinin hər birinə 1 ədəd olmaqla məişət tullantısı daşıyan, Ordubad Rayon Kommunal Müəssisələr Kombinatına 1 ədəd məişət tullantısı daşıyan, Culfa Rayon Kommunal Müəssisələr Kombinatına və rayonun Yaycı bələdiyyəsinə, həmçinin Şahbuz Rayon Kommunal Müəssisələr Kombinatına ayrılıqda 1 ədəd məişət tullantısı daşıyan nəqliyyat vasitələri verilib.
Səbuhi Məmmədov təqdim edilən nəqliyyat vasitələrindən istifadənin işin keyfiyyətinin daha da yüksəlməsinə təsir edəcəyini bildirib, dövlətimizin göstərdiyi qayğıdan lazımınca yararlanmağı tövsiyyə edib və kollektivə uğurlar arzulayıb.
Nuray Cəfərova