Görkəmli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markes yazırdı ki, ədəbiyyat olmasaydı dünya zərrəcə dəyişməzdi. Amma polis olmasaydı dünya tamam başqa cür olardı. Tamamilə doğrudur ki, polis hər bir ölkənin sabitliyini, təhlükəsizliyini təmin edir, cinayətkarlığın qarşısını alır, qanunçuluğu bərqərar edir.
Сəmiyyətin polisə ictimai rəğbəti daha da artır
Azərbaycan polisi çox qısa zaman ərzində mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə istiqamətində mühüm nailiyyətlər qazanıb. Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və digər qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərib. Bu cür uğurlar cinayətkarlıqla mübarizədə canını, sağlamlığını belə, əsirgəməyən Azərbaycan polisinin fədakarlığına, öz dövlətinə, xalqına, Prezidentinə sədaqətinə söykənir və polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsi şəraitində cəmiyyətin polisə ictimai rəğbətini daha da artırır.
Dünya KİV-lərində “Qəhrəman polis” altyazısı da bizim polisimizə aiddir
Azərbaycan polisi dövlətini, dövlətçiliyini qoruyur və yeri gələndə bu müqəddəs amallar uğrunda şəhidlik zirvəsinə yüksəlməyi özünün ali məqsədi sayır. Polisimiz ölüm təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan qəhrəmanlar qədər qüdrətlidir. Gəlin, bir anlığa xatırlayaq ki, 2015-ci ildə paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verən zaman 4 nəfəri xilas edən polisin qucağında körpə uşaq olan fotosu dünya KİV-lərində “Qəhrəman polis” altyazısı ilə dərc olundu. Azərbaycan polisinin qəhrəmanlığına başqa bir nümunə qanlı 20 Yanvar faciəsində ilk şəhidin polis əməkdaşı Telman Bağırov olması faktıdır. Azərbaycan polisi birinci Qarabağ müharibəsində sıralarından 1695 nəfər şəhid verib, 1710 nəfər yaralanıb, 66 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində daxili işlər orqanlarının 99 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2650 nəfər xəsarət alıb. Bütün bunların arxasında isə vəzifə borcunu yerinə yetirərkən hər bir təhlükəyə hazır olan Azərbaycan polisinin şəxsiyyəti, qəhrəmanlığı, igidliyi dayanır.
Azərbaycan polisi pandemiya dövrünün şəksiz qəhrəmanlarındandır
Hər zaman olduğu kimi, koronavirus pandemiyası dövründə də polisin şücaətini, qətiyyətini, eyni zamanda, humanistliyini, canıyananlığını, sələflərinin ənənələrinə sədaqətliliyini gördük. Hər kəs bir daha anladı ki, Azərbaycan polisi bu çətin günlərdə hər an insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyindədir. COVID-19 kimi ümumbəşəri bəlanın tüğyan etdiyi bu günlərdə Azərbaycan polisi həyatını təhlükəyə ataraq yaşlı insanların qapısının zəngini çalır, onlara ərzaq yardımı çatdırır, digər həyati problemlərinin həllinə yardımçı olur.
Nəzərə almaq laızmdır ki, hazırda bəşəriyyətin yeni bəlası olan koronavirus dünya dövlətlərinə hərtərəfli zərər vurmaqda davam edir. Pandemiya dünya ölkələrində iqtisadi və maliyyə böhranına da səbəb olub. Gündən-günə virusa yoluxanların, həyatını itirənlərin sayı artır. Artıq dünyada 7 milyon insan bu xəstəliyə yoluxub, 500 minə qədər insan isə bu öldürücü virusun qurbanı olub. Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları bir müddət öncə artan xətt üzrə inkişaf edirdi. İndi isə koronavirus Avropanın digər ölkələrində tüğyan edir. Avropa ilə müqayisədə ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Hazırda ABŞ-da 2 milyondan çox insan virusa yoluxub, 112 mindən çox ölüm faktı qeydə alınıb.
Əlbəttə ki, bu durum Azərbaycandan da yan keçməyib. Ölkəmizdə də gündən-günə virusa yoluxanların sayında artım müşahidə olunur. Hazırda ölkəmizdə 8 minə qədər insan virusa yoluxub, 93 nəfər vəfat edib. Amma buna baxmayaraq, dövlətimiz koronavirusla mübarizədə ciddi qabaqlayıcı tədbirlər görür. Lakin nəzərə almaq lazımdır ki, maskasız olan şəxs əgər xəstədirsə, o, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3600 nəfəri virusa yoluxdurar.
Məhz bu qədər təhlükəli bir zamanda həyatını təhlükəyə atan Azərbaycan polisi dövlətçiliyin keşiyində ayıq-sayıq durmaqla yanaşı, vətəndaşlara xidmət göstərməkdə də davam edir. Polis vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini verir. Elə bu səbəblərə görədir ki, Azərbaycan polisi pandemiya dövrünün şəksiz qəhrəmanlarından hesab edilir.
Polis şərəfi ləkə götürməz, yaxud “beşinci kolon”un təxribatları fiaskoya məhkumdur
Bəli, göründüyü kimi, Azərbaycan polisi bu günə qədər şərəfli inkişaf yolu keçib, peşəkarlaşıb, daha da mətinləşib. Bu gün çəkinmədən Azərbaycan polisini vətəndaşlarla insani və xoş davranışlarına görə bütün dünyaya nümunə göstərə bilərik. Xüsusi karantin rejimi dövründə insanların xəstəxanaya çatdırılması, yaxınının dəfninə getmək istəyən şəxsin həmin ünvana aparılması, ehtiyacı olan xəstə uşağa qidanın çatdırılması və s. kimi insani davranışlar polislərimizin hər zaman xalqımızın əmin-amanlığının keşiyində layiqincə dayanmasının bariz nümunəsidir. Əgər ABŞ, Hindistan, Avropa ölkələri polislərinin əməllərinə, hərəkətlərinə diqqət etsək, göz önündə olan digər faktlara nəzər yetirsək o zaman yuxarıda dediyimiz fikrin nə dərəcədə həqiqətə uyğun olduğunu bir daha anlamış olarıq.
Lakin çox təəssüflər olsun ki, bu günlər Azərbaycanın COVID-19-la mübarizə sahəsində beynəlxalq aləmdə etiraf olunan uğurlarına qısqanclıqla yanaşan antimilli qüvvələr, xüsusilə Vətənə xəyanətdə, satqınlıqda ad çıxarmış “beşinci kolon” polislərimizin bu cür yüksək səviyyəli xidmətinə kölgə salmağa çalışır, sosial şəbəkələrdə polislərin əleyhinə təbliğat aparır. Sanki bir məqam axtarırmış kimi Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Əli Kərimli və başqaları polisin fəaliyyətinə qarayaxmağa cəhd göstərirlər. Halbuki Sevinc Osmanqızının yaşadığı ABŞ-da, Qənimət Zahidin məskunlaşdığı Fransada, Tural Sadıqlının sığındığı Almaniyada polislərin vəhşiliklərinə dair saysız-hesabsız faktlar mövcuddur və bu antimilli ünsürlər həmin faktları görməzlikdən gəlirlər. Bütün dünya ABŞ-da polisin günahsız insanları öldürməsindən danışdığı halda erməni dairələrin maliyyələşdirdiyi Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Tural Sadıqlı kimilər karantin rejiminin tələblərini pozanlara qarşı qanunamüvafiq tədbirlər görən Azərbaycan polisinə ləkə atmağa çalışırlar. Əlbəttə ki, onlar nə qədər çalışsalar da Azərbaycan polisinin imicini ləkələyə, şərəfli xidmətinə qara yaxa bilməzlər. Bu səbəbdən də onların Azərbaycan polisinə qarşı törətdikləri növbəti təxribat da fiaskoya uğrayacaq.
O ki qaldı, xidməti vəzifəsini yerinə yetirən polisə təhqirlər yağdırmaq, əşyalar atmaq qətiyyən yolverilməzdir və ağır cinayət əməlidir. Həmin insanlar anlamalıdırlar ki, onların sağlamlığına görə həmin polislər gecə-gündüz keşik çəkirlər. Başa düşməlidirlər ki, onların gecə evlərində rahat yatmaları məhz təhqir edib, üzərinə əşya atmağa çalışdıqları polisin sayəsindədir. Sirr deyil ki, Azərbaycanda hər hansı təhlükə anında vətəndaşın gözü polisi axtarır. Çünki vətəndaş əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar, onu qoruyar. Bütün bunlara görə də biz öz qəhrəman polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik. Xalqın polisinə verdiyi dəyər, qiymət onu daha da qürurlandırır. Bu qürur isə asayiş keşikçilərini daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır.
Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş redaktoru