İlham Əliyevin tarixi xidmətləri - FOTOLAR
İrəvanın ermənilərə verilməsi ilə bağlı əsl həqiqətlər
"Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox!”
Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışındakı çıxışından
3 iyun 2020-ci il
Prezident İlham Əliyevin Tərtərdəki çıxışı Azərbaycan tarix elminin inkişafı ilə bağlı yeni istiqamətlər müəyyənləşdirdi. Xüsusilə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsindən sonra burada baş verən proseslər diqqətdə olacaq. Bu məsələlər həmişə dövlət başçısının gündəlik nəzarətindədir. Tarix İnstitutunun direktoru olaraq bütün xalqımıza bəyan edirəm ki, 2004-cü ildə bu institutun rəhbərliyinə gələndə dövlət başçısı tərəfindən qarşımıza bir sıra ciddi məsələlər qoyuldu. Əgər bu gün İrəvan məsələsi ilə bağlı konseptual baxışımız varsa, o, Azərbaycan Prezidentinin xidmətidir! İrəvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilib. Və İrəvanın onlara heç bir aidiyyəti yoxdur, bu şəhər qədim Azərbaycan şəhəridir. Ermənilər bu ərazilərə XIX əsrin əvvəllərində köçürülüblər. Eyni zamanda qarşımıza qoyulan vəzifələr sırasında İrəvan, Qarabağ və Naxçıvanın tarixinin yenidən yazılması, erməni vandalizminin araşdırılması da var idi. Bütün bunların hamısı Azərbaycan Prezidentinin millətimiz və tarix elmi qarşısında konseptual xidmətləridir. Əgər "Qarabağ: real tarix, faktlar, sənədlər” mövzusunda fundamental əsər yazılıbsa, bu, dövlət başçısının xidmətidir və onun tapşırığı ilə yazılıb. İrəvanın tarixinin qələmə alınması Prezidentin birbaşa göstərişi ilə olub və dünya dillərinə tərcümə edilib, yayılıb. Yeri gəlmişkən deyim ki, Naxçıvanla əlaqədar ermənilərin iddiaları ilə bağlı dövlət başçısı tapşırıq verdi və "Naxçıvan: tarixi və abidələri” adlı əsər meydana gəldi. Bu problemlər ətrafında yazılan silsilə əsərlərə görə Prezident bir sərəncamla Tarix İnstitutunun 13 nəfər alimini Azərbaycanın Dövlət Mükafatına layiq gördü. Bunlar onu göstərir ki, Prezident İlham Əliyev tarix elminin zərgər kimi bilicisidir və ərsəyə gələn elmi araşdırmalar bilavasitə onun prinsipial mövqeyinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev bu işləri başlatdı və zamanın tələbinə uyğun olaraq İlham Əliyev onu yaradıcılıqla davam etdirir.
Prezident İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan edib ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətrafını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaradıblar. Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcəkdir! Dövlət başçısının tövsiyə və tapşırıqları əsasında Tarix İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlar daha da genişləndirilmiş, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkar olunmuşdur.
Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib. Elmi müəssisədə aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Həmçinin institutun Elmi Şurasının qərarı ilə İrəvanın ermənilərə verilməsi məsələsinə həsr olunan "Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” adlı kitab (Azərbaycan, rus və ingilis dillərində) çap olunub.
Prezidentin İrəvanın verilməsi ilə bağlı fikirləri real tarixi faktlara, tarixi həqiqətə əsaslanıb: "Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz”.
Sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə (11 may - 4 iyun 1918-ci il) əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürmüşdü. Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozmuş, işğalçılıq siyasətini davam etdirmişlər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan topraqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib.
İrəvanın ermənilərə verilməsi ilə bağlı arxiv sənədlərinin təsdiq etdiyi tarixi həqiqət belədir:
Çar Rusiyasında mütləqiyyətin devrilməsindən sonra yaranmış Zaqafqaziya Demokratik Federativ Respublikası 1918-ci il mayın 26-da süqut etdi. Bununla Cənubi Qafqazda müstəqil yerli dövlətlərin formalaşması prosesi başlandı. Həmin dövrdə Cənubi Qafqazda yalnız iki yerli (aborigen) xalqın - azərbaycanlıların və gürcülərin dövləti yaradıla bilərdi. Çünki ancaq bu iki xalqın müstəqil dövlət yaratmaq üçün tarixi etnik - ərazi bazaları vardı. Və ancaq bu iki xalq - azərbaycanlılar və gürcülər Cənubi Qafqazda dövlətçilik ənənələrinə malik idilər.
XIX əsrdə Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən çar Rusiyası tərəfindən Osmanlı İmperiyasından və Qacarlar İranından Cənubi Qafqaza köçürülüb gətirilmiş və əsasən Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilərin isə dövlət yaratmaq üçün burada - Cənubi Qafqazda ərazi bazaları yox idi. Beləliklə, Cənubi Qafqaz ərazisində erməni dövləti ancaq bu regionun yerli xalqları olan azərbaycanlıların və gürcülərin torpaqları hesabına yaradıla bilərdi.
Birinci Dünya müharibəsini aparan hərbi blokların hər ikisinin, həm Antantanın (Çar Rusiyası, İngiltərə, Fransa, ABŞ), həm də Almaniya-Osmanlı blokunun üzvləri arasında ermənilərə dövlət yaratmaq barədə ümumi fikir formalaşmışdı. Çar Rusiyası, İngiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı İmperiyası ərazisində - Şərqi Anadoluda yaradılmasına tərəfdar idilər. Osmanlı İmperiyasının bəzi siyasi dairələri isə "erməni təhlükəsi”ni özündən, yəni Şərqi Anadoludan uzaqlaşdırmaq üçün erməni dövlətinin imperiya sərhədləri xaricində - Azərbaycan torpaqlarında yaradılmasına çalışırdılar.
Azərbaycan tərəfinin real olaraq, həm böyük dövlətlərin təzyiqlərinə, həm də ölkənin bütün ərazilərində soyqırımları həyata keçirən daşnak-erməni silahlı birləşmələrinə və onların arxasında duran dövlətlərə hərbi müqavimət göstərmək gücü yox idi. Buna görə də Azərbaycan milli hərəkatının xadimləri ermənilərə dövlət yaratmaq məsələsində Osmanlı dövlətinin bəzi siyasi dairələrinin diktəsi ilə hərəkət edirdilər, daha doğrusu, buna məcbur idilər.
Yaranmış tarixi şəraitdə Azərbaycan tərəfi, yəni Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının nümayəndələri ermənilərə dövlət yaratmaqdan ötrü hansı Azərbaycan torpaqlarının verilməsini müəyyən etmək üçün Osmanlı dövlətinin vasitəçiliyi ilə erməni tərəfi ilə danışıqlara girdi. Danışıqlar Batum konfransı (11 may - 4 iyun 1918-ci il) çərçivəsində və konfransda iştirak edən Osmanlı nümayəndə heyətinin vasitəçiliyi ilə aparıldı.
Batum danışıqlarının lap başlanğıcındaca məlum oldu ki, həqiqətən də, Osmanlı dövlətinin bəzi siyasi dairələri "erməni təhlükəsi”ni özündən uzaqlaşdırmaq üçün gələcək erməni dövlətinin Azərbaycan ərazisində yaradılması siyasətini yeridirlər. Bununla bağlı olaraq Batum konfransında aparılan danışıqların gedişi barədə danışıqlarda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib bəy Usubbəyov Zaqafqaziya Seyminin sabiq üzvlərinin 27 may
1918-ci il tarixli fövqəladə iclasında məlumat verdi. Batumdan yenicə qayıdan Nəsib bəy Usubbəyov fövqəladə iclas iştirakçılarına bildirdi ki, "Osmanlı nümayəndə heyətinin fikrinə görə Zaqafqaziyanın tərəqqisi üçün ən başlıca təminat Zaqafqaziya xalqlarının həmrəyliyi və birliyidir ki, buna nail olmaq üçün Azərbaycan tərəfi ermənilərə müəyyən qədər ərazi güzəştə getməlidir”.
Onu da qeyd etmək lazımdır ki, Osmanlı dövlətinin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı vardı. Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə "çibanı kökündən təmizləmək” tərəfdarı idilər. Bu mümkün olmadıqda "ermənilərin çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər. Lakin Tələt paşa və Ənvər paşadan fərqli olaraq, Batum danışıqlarında Osmanlı nümayəndə heyətinə başçılıq edən Dövlət Şurasının sədri və Ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Osmanlı-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də "erməni məsələsi” ilə bağlı Osmanlı dövlətinə qarşı beynəlxalq qınağa son qoyulacaqdır.
Yeri gəlmişkən, Azərbaycan tərəfi də Tələt paşa və Ənvər paşanın "çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və "kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi. Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər paşaya xüsusi müraciətnamə göndərmişdilər. Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy (Can Baba), Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Məmməd Yusif Cəfərov, Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov və Xəlil bəy Xasməmmədov da imzalamışdılar. Eyni təkliflə bundan bir gün əvvəl - 1918-ci il mayın 22-də Tələt paşaya və Ənvər paşaya Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu da müraciət etmişdilər.
Azərbaycan tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına "kiçik bir kanton” yaradılacağı halda ermənilərin Osmanlı ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımlarını dayandıracaqlar və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaqdır.
Beləliklə, Azərbaycan tərəfi Cənubi Qafqazda - Azərbaycan ərazisində ermənilərə "kiçik bir kanton” və ya "kiçik bir dövlət” yaradılmasına tərəfdar idi və bu məsələdə Xəlil bəy və Vehib paşa eyni mövqedən çıxış edirdi.
Azərbaycan tərəfinin ermənilərə Azərbaycan torpaqlarında dövlət yaradılması barədə yuxarıda göstərilən mövqeyi və bunun üçün konkret ərazi vermək təklifi Batum danışıqlarının gedişinə ciddi təsir göstərdi.
Bununla da Batumda faktiki olaraq, ermənilərə dövlət yaratmaq üçün hansı Azərbaycan torpaqlarının verilməsi ətrafında danışıqlar aparıldı.
Batum danışıqları zamanı ermənilərin özlərinə mərkəz kimi iddia etdikləri Qars və Gümrü (Aleksandropol) artıq Osmanlı hərbi qüvvələri tərəfindən zəbt olunmuşdu və Osmanlı tərəfi bu şəhərlərdən hər hansı birinin danışıqlar mövzusu olmasına imkan vermədi. Beləliklə, İrəvan məsələsi gündəmə gətirildi. Ənvər paşa "çibanı kökündən təmizləmək” planının baş tutmadığını görcək ermənilərə veriləcək torpağın Azərbaycan və Osmanlı əraziləri arasında bir ada kimi əhatəyə alınması təlimatını verdi.
Danışıqlar zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Osmanlı tərəfləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürdü. Həmin öhdəliklər aşağıdakılar idi:
1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı İmperiyası ilə yenicə yaradılmış Ararat (Ermənistan) Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış "Sülh və Dostluq” müqaviləsində təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürdü. Müqavilənin yuxarıda göstərilən maddəsində deyilirdi: "Ermənistan Respublikasının hökuməti erməni qüvvələrini Bakıdan çıxmağa məcbur etmək üçün özünün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürür”. Bundan əlavə, yenicə yaradılan Ermənistan Respublikasının hökuməti "Respublika ərazisində (yəni Ermənistan Respublikası ərazisində) hər hansı silahlı quldur dəstələrinin yaradılmasının qarşısını alacağını, ölkənin müxtəlif yerlərində gizlənən və fəaliyyət göstərən bütün quldur dəstələrinin tərksilah ediləcəyini öhdəsinə götürdü”.
2. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaqdır. Bu öhdəlik Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi sənədlərində də öz əksini tapıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyski İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi barədə Milli Şuranın 29 may 1918-ci il tarixli qərarından dərhal sonra xarici işlər naziri Məmməd Həsən Hacınskiyə verdiyi rəsmi göstərişdə yazırdı: "Biz ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.
3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü. Ermənilərin qəbul etdiyi bu öhdəlik Osmanlı dövləti ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında bağlanmış Batum müqaviləsinin 6-cı maddəsində və müqaviləni tamamlayan III əlavədə təsbit olundu. Müqavilənin 6-cı maddəsinə və III əlavəsinə əsasən yeni yaradılan Ermənistan Respublikasında türk-müsəlman əhali bütün yuxarıda göstərilən sahələrdə ermənilərlə eyni hüquqa malik olmalı idi. Batum müqaviləsinin 6-cı maddəsində bu məsələ aşağıdakı kimi təsbit olundu:
"Ermənistan Respublikasında yaşayan müsəlmanların dininə və adətlərinə hörmət olunmalıdır...
Onlar başqa mədəniyyətlərə mənsub olan digər sakinlərlə eyni vətəndaşlıq hüquqlarına və siyasi hüquqlara malik olmalıdırlar. Onlar öz etnik dillərində təhsil ala və öz dinlərində ibadət edə bilərlər.
Müsəlmanlar praktiki olaraq öz dinlərində ibadət etmək və xeyriyyəçilik işlərilə məşğul olmaq üçün müsəlman icmaları yaratmaq, məscidlər, xəstəxanalar, məktəblər, dini müəssisələr açmaq və xeyriyyə cəmiyyətləri təşkil etmək hüququna malikdirlər.
İrəvan şəhərində Ermənistan Respublikası Müftisinin və respublikanın digər vilayətlərində müftilərin fəaliyyət göstərməsi zəruri hesab edilsin...”
Bəhs olunan müqaviləni tamamlayan III əlavədə bütün yuxarıda göstərilən öhdəliklər təfərrüatı ilə təsbit olunur və qeyd olunurdu ki, "Ermənistan hökuməti öz hesabına ibtidai və orta təhsil verən müsəlman məktəbləri açacaqdır”.
4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.
5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.
Beləliklə, Batum danışıqlarında yuxarıda göstərilən məsələlərlə bağlı ilkin razılaşma əldə olunduqdan dərhal sonra, hələ Batum müqavilələrinin bağlanmasına, yəni 1918-ci il iyunun 4-nə bir həftə qalmış, 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan onun ətrafındakı 9 min kvadrat kilometr ərazini əhatə edən torpaqlarla birlikdə ermənilərə verildi.
Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvanla birlikdə aşağıdakı Azərbaycan torpaqları verilmişdir: Yeni Bayazit qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Eçmiədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi Aleksandropol istisna olmaqla). Beləliklə, yeni yaradılmış Ermənistan Respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi.
Ermənilərə verilmiş Azərbaycan ərazisinin əhalisi cəmi 321 min nəfər idi ki, onun da 230 mini erməni, 80 mini türk-müsəlman, 11 mini isə digər xalqların nümayəndələri idi.
Yeri gəlmişkən, ermənilərə verilmiş İrəvan və onun ətrafındakı Azərbaycan torpaqlarında yaşayan 230 min nəfər erməni bu yerlərə 1828-ci ildən sonra çar Rusiyası tərəfindən Osmanlı İmperiyası və Qacarlar İranından köçürülüb gətirilmişdi.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən qərar qəbul olunarkən 28 nəfər Milli Şura üzvündən 20 nəfər iştirak edirdi. Onlardan qərarın lehinə 16 nəfər səs vermiş, 1 nəfər əleyhinə olmuş, 3 nəfər bitərəf qalmışdı. Yəni qərar üçdəiki səs çoxluğu olmadan qəbul edilib. İyunun 1-də İrəvandan olan deputatlar - Mirhidayət Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov protest verdilər ki, bu, qeyri-qanuni qərardır.
Azərbaycan Milli Şurasının yuxarıda göstərilən iclasında, eyni zamanda, ermənilərlə konfederativ dövlət yaradılması da qərara alındı. Yəni İrəvan və ətrafındakı torpaqlar ermənilərə, həm də onlarla konfederativ dövlət yaradılması şərti ilə verilmişdi.
Beləliklə, 1918-ci il mayın 29-da Azərbaycan ərazisində - Cənubi Qafqazda erməni dövləti yaradıldı. Ertəsi gün - mayın 30-da erməni dövlətinin yaradılması barədə bəyannamə elan olundu.
Osmanlı dövlətinin vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə erməni tərəfi arasında razılıq əldə olunan kimi, daha doğrusu, ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra, 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında "Dostluq”, Osmanlı dövləti ilə Gürcüstan və Ermənistan respublikaları arasında isə "Sülh və Dostluq” müqavilələri imzalandı.
Beləliklə, xalqın iradəsi ilə hesablaşılmadan onun torpağında İrəvan mərkəz olmaqla erməni dövləti yaradıldı. Cümhuriyyət hökuməti Azərbaycan torpaqlarının ermənilərə verilməsi səbəblərini beynəlxalq aləmə açıqlayan bəyanatla da çıxış etmədilər.
Ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra Batum danışıqları zamanı və Batum müqavilələrinə əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməkdən imtina etdilər.
Belə ki, 1) Yeni yaradılmış erməni hökuməti götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Bakıda hakimiyyəti ələ keçirərək Azərbaycan xalqına qarşı soyqırımı cinayəti həyata keçirən Şaumyanla əlaqə yaradıb qırğınları dayandırmadı, əksinə, Şaumyanın göstərişi ilə daşnak-bolşevik qüvvələri ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətini aradan qaldırmaq üçün Gəncə istiqamətində hücuma başladı və Azərbaycan xalqına qarşı yeni soyqırımları həyata keçirdi.
2) Ermənilər verdikləri vədlərin əksinə olaraq, Azərbaycan qəzalarında nəinki soyqırımlarını dayandırmadılar, əksinə, yeni yaradılmış Ermənistan Respublikasının silahlı müdaxiləsi və yardımı ilə Azərbaycan xalqına qarşı soyqırımları daha dəhşətli xarakter aldı.
3) Erməni tərəfi verilmiş vədlərin əksinə olaraq, nəinki yeni yaradılmış Ermənistan Respublikasının ərazisindəki türk-müsəlman əhalinin dini ibadət, mədəni, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etmədi, əksinə, Azərbaycan ərazisində dövlət yaratmaq məqsədlərinə nail olan kimi yerli azərbaycanlılara qarşı dövlət səviyyəsində kütləvi soyqırımlarına başladı. Bununla kifayətlənməyən Ermənistan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq Azərbaycan xalqına qarşı soyqırımlarının coğrafiyasını daha da genişləndirdi. Yeni-yeni Azərbaycan torpaqları işğal olundu. İşğal olunmuş Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə və soyqırımları həyata keçirildi. Ermənistan Respublikasının siyasi varisi olan müasir Ermənistan Respublikası hazırda ancaq ermənilərdən ibarət olan monoetnik və təcavüzkar dövlətə çevrilib. Beləliklə, vaxtilə əhalisinin böyük əksəriyyəti türk-müsəlman əhali olan müasir Ermənistan ərazisində 1 nəfər də olsun azərbaycanlı qalmayıb.
4) Yeni yaradılmış erməni dövləti - Ermənistan Respublikası götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkmədi, əksinə, Batum müqaviləsinin imzalanmasından dərhal sonra ermənilərə dövlət yaratmaq üçün ərazi vermiş Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan torpaqlarının işğalına başladı. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyski 1918-ci il iyulun 31-də o zaman İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə belə bir göstəriş vermişdi: "Əgər ermənilər əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia qaldırsalar, İrəvanın onlara güzəştə gedilməsindən imtina et”.
Qeyd etmək lazımdır ki, ermənilər bundan sonra da, bütün tarixi dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdilər. Ozamankı Ermənistan Respublikasının varisi olan müasir Ermənistan Respublikası da həmin işğalçılıq siyasətini davam etdirərək öz havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətrafındakı digər Azərbaycan rayonlarını da işğal etdi, 1 milyon nəfərdən çox azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin saldı və bütün dünyanın gözü qarşısında 1992-ci il Xocalı soyqırımını törətdi.
5) Batum müqaviləsinin şərtlərinə və Azərbaycan Milli Şurasının qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvan və ətrafında 9 min kvadrat kilometr sahəsi olan Azərbaycan torpaqları verilmişdi. Yəni erməni dövləti həmin ərazi çərçivəsində mövcud olmalı idi. Lakin, yuxarıda qeyd olunduğu kimi, ermənilər çox keçmədən Batum müqaviləsinin şərtlərini pozaraq Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməkdə davam etdilər. Belə ki, 1918-ci ilin 29 mayında 9 min kvadrat kilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə sovet imperiyasının birbaşa köməyi ilə daha 20,8 min kvadrat kilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min kvadrat kilometrə çatdırdı.
1918-ci il mayın 29-da 9 min kvadrat kilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonrakı dövrlərdə aşağıdakı Azərbaycan torpaqlarını işğal etdi: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində sovet imperiyasının birbaşa köməyi ilə Zəngəzur qəzasından 405 000 desyatin (4414,5 kvadrat kilometr), Qazax qəzasından 535 096 desyatin (5832,82 kvadrat kilometr), Naxçıvan MSSR-dən 657 kvadrat kilometr, Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 min kvadrat kilometrə çatdırıldı.
Yuxarıda göstərilən işğallar nəticəsində Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvandan ayrı salındı və Türkiyə ilə birbaşa əlaqə saxlamaq imkanından məhrum edildi.
Ermənilərin həyata keçirdiyi yuxarıda qeyd olunan işğallar nəticəsində, ümumiyyətlə, türk dünyası ölkələrinin bir-biri ilə birbaşa əlaqə saxlamaq imkanları da aradan qaldırıldı.
Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min kvadrat kilometrlik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi.
6) Erməni tərəfi bütün yuxarıda göstərilənlərdən əlavə, Azərbaycanla konfederativ dövlət yaratmaq şərtini də yerinə yetirmədi. Daha doğrusu, Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da ermənilərlə konfederativ dövlət yaradılması barədə yekdilliklə qəbul etdiyi qərar da ermənilər tərəfindən yerinə yetirilmədi.
Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə 1918-ci il Batum danışıqları (11 may - 4 iyun) və Batum müqavilələrinin (4 iyun 1918-ci il) şərtlərinə əsasən vermişdi. Azərbaycan tərəfi bu taleyüklü addımı atarkən ermənilərlə dostluq və mehriban qonşuluq münasibətləri yaratmağa çalışırdı və danışıqlarda iştirak edən erməni tərəfinin səmimiyyətinə inanırdı. Lakin erməni tərəfi Batum danışıqları zamanı əldə olunmuş razılaşmalara və Batum müqavilələrinin şərtlərinə əsasən üzərinə götürdüyü bütün öhdəlikləri birtərəfli qaydada pozdu: işğalçılıq, deportasiyalar və soyqırımları siyasətini davam etdirdi. Buna görə də 4 iyun 1918-ci il tarixli Batum müqavilələri və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı əslində öz hüquqi qüvvəsini itirib.
Mən Milli Məclisin deputatı olarkən Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ ilə bağlı məsələni dəfələrlə parlamentdə səsləndirmişəm. Fikrimcə, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: Milli Məclisdə Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır.
Yaqub MAHMUDOV,
Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Dövlət mükafatı laureatı