Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu onlayn videokonfrans keçirib - FOTOLAR
İyunun 10-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn videokonfrans keçiriblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, videokonfransı Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, akademik Əhliman Əmiraslanov açaraq Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın salamlarını Türkiyənin deputatlarına çatdırıb. Bildirib ki, bu görüş hər iki ölkənin parlament rəhbərlərinin təşəbbüsü və arzusu ilə təşkil olunub.
Sonra Əhliman Əmiraslanov hazırda dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlər xeyli müsbət nəticə verib. Pandemiya elan olunduğu gündən Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və genişmiqyaslı tədbirlər görülməyə başlanıb. Bunun nəticəsində bu gün Azərbaycanda əhali sayına düşən həm yoluxma göstəricisi, həm də koronavirusdan ölüm sayı digər ölkələrlə müqayisədə dəfələrlə aşağıdır.
İşçi qrupun rəhbəri məlumat verib ki, hazırda ölkəmizdə koronavirusla mübarizə sahəsində 7 mindən çox çarpayı fondu olan 21 xəstəxana fəaliyyət göstərir və həmin xəstəxanaların imkanları son dərəcə genişdir. Azərbaycanda COVID-19-a yoluxmuş bütün xəstələr dövlət hesabına stasionarda müalicə alırlar. Eyni zamanda, pandemiya dövründə digər ölkələrdən gətirilən soydaşlarımız dövlət hesabına, geniş imkanları olan otellərdə karantinə alınır, həkim nəzarətində saxlanılır.
Dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib. Qalır insanların karantin rejiminə riayət etməsi. Əminik ki, görülən tədbirlər müsbət nəticəsini verəcək, yollar açılacaq və biz bir-birimizlə əyani surətdə görüşə biləcəyik.
Videokonfransda Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım iki dövlət, bir millət olan ölkələrimizin və xalqlarımızın qardaşlığından söz açıb. TBMM-in Sədri Mustafa Şentopun Azərbaycan parlamentinin Sədri xanım Sahibə Qafarovaya və Milli Məclisin bütün üzvlərinə salamlar ünvanladığını bildirib. Pandemiya dövründə, böhran vəziyyətində belə bir-birindən dəstəyini əsirgəməyən Türkiyənin və Azərbaycanın dostluğunun sarsılmaz olduğunu vurğulayıb.
Şamil Ayrım Türkiyədə COVID-19-la aparılan mübarizə barədə məlumat verib. Parlamentlərarası əlaqələrimizin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək deyib ki, yubiley günümdə Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmağım sevincimi ikiqat artırıb.
Sonra videokonfransda fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatları, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Sabir Rüstəmxanlı, Aqiyə Naxçıvanlı, Fazil Mustafa, Rəşad Mahmudov, Nizami Səfərov, Arzu Nağıyev, Ramil Həsən ölkələrimiz arasındakı dostluq-qardaşlıq münasibətlərindən, strateji tərəfdaşlıq əlaqələrindən bəhs ediblər. Qanunvericilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıblar.
Videokonfransda Türkiyə Böyük Millət Məclisinin üzvləri Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Aylin Cesur, Yaşar Karadağ, Yılmaz Tunc, Uğur Bayraktutan çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin mənəvi, siyasi əhəmiyyətini yüksək qiymətləndiriblər. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafından bəhs ediblər.
Söhbət zamanı Azərbaycanın və Ulu öndər Heydər Əliyevin böyük dostu olan Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin xatirəsi hörmətlə yad olunub. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyi vurğulanıb.
COVID-19 pandemiyasının tezliklə bitməsi, əlaqələrin adi ahənginə qayıtması və bütün bəşəriyyətin bu bəladan xilas olması arzulanıb.
Videokonfransı yekunlaşdıran Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov bildirib ki, dövlət başçılarımız bizim qarşımızda böyük vəzifələr qoyub. Əlaqələrimiz çoxşaxəli olmalı və daha sıx inkişaf etməlidir.
Videokonfransda TBMM-in deputatları, Azərbaycanla dostluq qrupunun üzvləri İbrahim Aydemir, Yaşar Tüzün, Mehmet Erdoğan da iştirak ediblər.