İlk dəfə Milli Məclisdə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib - FOTOLAR
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilk dəfə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüşüb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və heyətlər arasında əlaqələndirmənin daha yaxşı qurulması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Videokonfransda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, görüşün məqsədi nümayəndə heyətlərimiz qarşısında qoyulan hədəflər, gözləntilərimiz və beynəlxalq təşkilatlar üzrə heyətlərin iş prinsipləri haqda fikir mübadiləsi aparmaqdır. O bildirib ki, VI çağırış Milli Məclisdə beynəlxalq təşkilatlar üzrə 12 nümayəndə heyəti və bir ikitərəfli komitə fəaliyyət göstərir. “Əminəm ki, işimizi doğru və əlaqələndirilmiş şəkildə quracağımız təqdirdə bütün bu platformalar bizə parlament diplomatiyamızı uğurla həyata keçirmək imkanı verəcəkdir”, - deyə Sahibə Qafarova qeyd edib.
Altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqində əksini tapan konseptual məsələlərin parlamentin beynəlxalq fəaliyyətinin həyata keçirilməsində də “yol xəritəsi” kimi çıxış etdiyini deyən Milli Məclisin Sədri bildirib: “Parlamentin Sədri olaraq mənim məsuliyyətim dövlətimizin başçısının tövsiyələri əsasında beynəlxalq fəaliyyətimizin daha səmərəli qurulmasını təmin etməkdir”.
Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, beynəlxalq təşkilatlar üzrə nümayəndə heyətlərimizin fəaliyyəti Azərbaycanın milli maraqlarını qorumağa, fərqli gündəlikləri ilə ölkəmizə təzyiq etməyə çalışan qrupların bu cəhdlərinin qarşısının alınmasına yönəlməlidir. O deyib: “Çünki Azərbaycan Prezidentinin də hər zaman dediyi kimi, həqiqət bizim tərəfimizdədir, doğru olan bizik! Hər bir fürsətdən istifadə edib, Dağlıq Qarabağ mövzusunu diqqətdə saxlamalıyıq”.
Videokonfransda çıxış edən nümayəndə heyətlərinin rəhbərləri Milli Məclisdə ilk dəfə belə bir görüşün keçirilməsinə görə minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətləri ilə bağlı fikirlərini ifadə ediblər.