“Lenta.ru”: Ermənistan koronavirusla savaşı uduzub

A- A A+

Rusiyanın “lenta.ru” saytında jurnalist Elen Babayanın “Cəhənnəmə addımlayırıq” sərlövhəli məqaləsi dərc edilib. Materialda COVID-19 koronavirus pandemiyası ilə əlaqədar Ermənistanda yaranmış cari vəziyyətdən bəhs edilir.

NUHÇIXAN İnformasiya Agentliyi həmin məqaləni təqdim edir.

***

Ermənistan koronavirusla savaşı uduzub. Orada insanlar çipləşdirməyə inanır

və kütləvi şəkildə yoluxurlar

Ermənistanın COVID-19 koronavirus infeksiyası ilə savaşı uduzmuş dövlətlər siyahısına düşmək üçün hər cür şansı var. Ölkədə xəstəliyin sürətlə yayılması yenidən müşahidə olunur, ağır vəziyyətdə olan pasiyentlərin faiz nisbəti kəskin şəkildə artıb, səhiyyə sisteminin resursları tükənməkdədir. Bununla bərabər, hakimiyyət orqanları küçələrdə maskasız halda yaxalanmış vətəndaşları sosial şəbəkələrdə qınamaqla kifayətlənirlər. Vətəndaşlar isə utanmağa tələsmir, çünki epidemiyanın lap əvvəlindən heç kəs epidemioloji təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmirdi. Üstəlik, çoxları COVID-19 barəsində rəsmi KİV-lər və hörmətli ictimai xadimlər tərəfindən yayılan konspiroloji nəzəriyyələrə inanır. Bəs necə olur ki, Ermənistanı epidemiyanın ikinci dalğası bürüyüb və bu dalğa respublika əhalisinə necə təhdid edir?

Gözlənilməyən yerdən dəyən zərbə

Ermənistanın baş naziri Nikol Paşinyan ötən çərşənbə günü “Facebook” şəbəkəsinin birbaşa efirinə çıxıb və vətəndaşları təzə xəbərlə təşvişə salıb – ölkədə “epidemioloji fəlakət” yaranıb, baş nazir özü və onun bütün ailəsi COVID-19-a yoluxub, sadəcə bu yoluxma simptomsuz olub. Ölkədə vəziyyət həqiqətən pisləşib: bütün dünyada məhdudiyyətlər götürülür, koronavirus epidemiyasının azalması qeydə alınır, Ermənistanda isə xəstələrin sayı üçqat artıb.

Ermənistanda COVID-19-dan qeydə alınmış ölüm hallarının 70 faizi son üç həftəyə təsadüf edir. Bu müddətdə xəstəliyin sürətlə artması müşahidə olunur.

Mayın 20-də ölkədə rəsmən təsdiq edilmiş xəstəlik hallarının sayı 5606 olduğu halda, iyunun 10-da xəstələrin sayı artıq 14103 olub. Ölüm hallarının sayı da kəskin artıb. Ölkədə epidemiya dövründə qeydə alınmış 227 ölüm halından 160-ı bu dövrə düşüb. Həmin dövrdə daha 67 nəfər koronavirusa yoluxmuş olsa da, onlar “başqa səbəblər üzündən” ölmüş hesab edilir. Koronaviruslu xəstələri öldürən “başqa səbəblər” nədir və bu səbəblər üzündən ölənlərin sayı nəyə görə bu qədər çoxdur – bunu heç kəs izah etmir.

Lakin belə güman etməyə əsas var ki, real vəziyyət qat-qat pisdir. Məsələn, iyunun 1-də həkimlər 1249 nəfərdən analiz götürüblər, onlardan təqribən yarısının analizi müsbət nəticə verib. Bununla belə, sutka ərzində aparılan testlərin sayı iki mini aşmır - resurslar çatışmır. Fəlakətin real miqyasını hakimiyyət orqanları da qismən etiraf edirlər. Paşinyan özü iyunun 7-də bəzi “analitik məlumatlar” dərc edib, həmin məlumatlara görə o anda Ermənistanda yoluxmuş şəxslərin sayı 100 min olub. Sonradan baş nazir bu postunu redaktə edib və həmin rəqəmləri götürüb.

Hakimiyyət orqanları vəziyyətin pisləşməsində dərhal vətəndaşları təqsirləndiriblər – Paşinyan göstərir ki, xalq, xüsusən Yerevanda təhlükəsizlik tədbirlərinə kütləvi şəkildə etinasızlıq göstərir. Baş nazir qaydaları pozanlara qarşı elə həmin “Facebook”un köməyi ilə mübarizə aparır, vaxtaşırı küçələrdə sosial məsafəni və evdən kənarda maskasız olmaq barədə qadağanı pozan insanların fotoşəkillərini dərc edir. O, sosial şəbəkənin digər istifadəçilərini də bu “kütləvi epidemiyaəleyhinə hərəkata” qoşulmağa çağırır.

Hakimiyyət orqanları hələlik heç bir başqa tədbir tətbiq etməyə hazırlaşmır. Paşinyan artıq eyhamla bildirib ki, hüquq-mühafizə orqanları epidemiyaya qarşı mübarizə aparmayacaqlar, çünki bu məsələni həll edə biləcək “güc strukturu yoxdur”.

Baş nazir Nikol Paşinyan xəstəliyin kəskin artması barədə fikrini belə ifadə edib: “Biz böhran nöqtəsinə çatmışıq. İndi cəhənnəmə addımlayırıq”.

Baş nazirin sosial şəbəkədə paylaşdığı fotoşəkillərdə həqiqətən epidemiya dövründə elementar davranış qaydalarına riayət etməyən insanların kütləvi şəkildə toplaşması görünür. Maska və əlcək yoxdur, olanda da çənənin altına düşüb və ya burnu örtmür. İnsanlar qrup şəklində toplaşır, növbədə dayanır, məsafə gözləmir və ilaxır. Bu şəkillərə əsasən, onların epidemiyanın pik dövrünü yaşayan ölkədə çəkildiyini demək mümkün deyil. Lakin burada təzə bir şey yoxdur – heç kəs, o cümlədən baş nazir özü də əvvəldən təhlükəsizlik qaydalarına riayət etmirdi.

Konspiroloqlar epidemiyanın müttəfiqləridir

Ermənistanda fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi bütün müddətdə (martın 16-dan bəri) həyat bir dəqiqə belə sakitləşməyib və faktiki olaraq İsveç ssenarisi üzrə davam edib, lakin skandinavlılara xas olan şüurluluq və təmkin müşahidə olunmayıb. Ermənilər mümkün qədər çox sayda həmvətənlərini yoluxdurmaq üçün əlindən gələni edirlər. “Facebook”un Ermənistan seqmentində artıq iki aydır ki, yayılan foto və videolarda heç bir karantin əlaməti görünmür.

İş burasındadır ki, xalq kütlələrinin çox hissəsi bu virusa qeyri-ciddi yanaşır. Bunun da azı iki səbəbi var. Birinci səbəb – “bəlkə də sovuşdu” düşüncəsi və qonşusunun həyatına laqeyd münasibətdir. İkinci səbəb koronavirus təhlükəsini süni şəkildə azaldan və ya ümumiyyətlə inkar edən populyar konspiroloji nəzəriyyələrdir. Ermənilərin əsas götürdüyü cəfəng fikirlər sırasına saxta elmi və gülməli dərəcədə ağlasığmaz nəzəriyyələr palitrası daxildir.

Bəziləri əmindir ki, COVID-19 təhlükəlilik dərəcəsinə görə adi soyuqdəymə ilə müqayisə oluna bilər. Savad dərəcəsi daha aşağı olanlar əmindirlər ki, bu virusu Bill Geyts və ya dünya miqyaslı sui-qəsdçilər qrupu fikirləşib ki, məcburi vaksinləşdirmə bəhanəsi ilə çipləşdirmənin köməyi ilə bütün bəşəriyyət kölə vəziyyətinə salınsın. Belə bir absurd fərziyyənin pərəstişkarları da tapılır ki, epidemiyanın səbəbi 5G vışkası olub, lakin Ermənistanda bu cür vışkalar olmadığına görə virus da yoxdur.

Bill Geyts bəşəriyyətin kütləvi şəkildə çipləşdirilməsi məqsədilə dünya miqyaslı sui-qəsd nəzəriyyələri barədə deyib: “Mən heç vaxt mikroçiplərə oxşar şeylərlə məşğul olmamışam. Bunu təkzib etmək çox çətindir, çünki bu, çox cəfəng və qəribə fikirdir”.

Yaxın vaxtlarda qohumlarını dəfn etmiş tanışlarının həyatında baş vermiş halları təsvir edən adamları ayrıca qeyd etmək lazımdır. Guya həkimlər bu adamların yanına gəlir və bir-iki yüz dollar təklif edirlər ki, onlar mərhumun COVID-19-dan ölmüş kimi qeydə alınmasına razılıq versinlər. Bu cür uydurmalar peyvəndin əleyhinə olanlar arasında çox populyardır. Onlar hesab edirlər ki, hamını məcburi şəkildə peyvənd etmək üçün hakimiyyət orqanlarına xəstəlik və ölüm göstəricilərini süni şəkildə artırmaq lazımdır. Bu insanların təfəkküründə peyvəndlər nə isə pis bir xəstəliyə qəsdən yoluxdurmağa xidmət edir, sonsuzluğa səbəb olur, “erməni genini” öldürür, məhv edir və korlayır.

Bu cür mühakimə şəhər dəliləri üçün səciyyəvidir, lakin Ermənistanda belələri o qədər çoxdur ki, onların səsi KİV-lərə çatır, Səhiyyə Nazirliyi isə tamamilə aşkar olan belə cəfəngiyyata münasibət bildirməyə və onu təkzib etməyə məcburdur. Başqa sözlə desək, digər ölkələrdə müzakirə edilməsi qəbahət sayılan məsələlər Ermənistanda daim gündəlikdədir.

Ən kədərlisi odur ki, bəzi hallarda koronavirus haqqında dezinformasiyanı həkimlər özləri yayır. Onlar bunu şüurlu surətdə, yoxsa peşə yararsızlığı nəticəsində edirlər - məlum deyil. Məsələn, Yerevan Ağsaqqallar Şurasının keçmiş üzvü, həkim təhsili almış Marine Xaçatryan deyir ki, koronavirus çox uzaq məqsədlər üçün yaradılmış bioloji silahdır.

Marine Xaçatryan SARS CoV-2-nin laboratoriyada yaradılması barədə dəfələrlə təkzib olunmuş nəzəriyyəni şərh edərək deyir: “Bizə qarşı bioloji silah tətbiq edə bilərlər. Bu virusun maraqlı tərkibi var: o, dörd elementdən, xalq arasında QİÇS virusu adı ilə məşhur olan virus parçasından ibarətdir. Yəni bu virusun dörd parçası çox ehtimal ki, laboratoriya şəraitində kəsilib götürülüb”.

Dezinformasiya təkcə ayrı-ayrı insanlar tərəfindən deyil, bütöv təşkilatlar və KİV-lər tərəfindən də yayılır. Məsələn, ABŞ Dövlət Departamenti xətti ilə ayrılmış qrant vəsaiti hesabına açılmış “Medmedia.am” saytı ətrafında bu günlərdə qalmaqal yaranıb. Həkim Gevork Qriqoryanın idarə etdiyi bu sayt sözün hərfi mənasında yuxarıda sadalanan bütün sui-qəsd nəzəriyyələrinin – həm statistikanın şişirdilməsi, həm də qərəzli peyvəndlər barədə uydurmaların yayılması üzrə ixtisaslaşır.

Bundan əlavə, Qriqoryan həm də “COVID-19 Ermənistan: faktlar toplayan qrup” təşəbbüsünün həmtəsisçisidir və artıq “ekspertlər” təsisatı vasitəsilə öz nəzəriyyələrini kütlələr arasında yayır. Nəticədə bu məlumatlar minlərlə insana çatdırılır və sosial şəbəkələrdə yüz minlərlə baxış toplayır. Beləliklə, kütləvi məsuliyyətsizlik və konspiroloji nəzəriyyələrə inam koronavirusun yayılması üçün ən münbit şərait yaradır. İnsanlar ölümcül təhlükəli xəstəliyə qarşı mübarizəyə qoşulmaqdan sadəcə imtina edir və hər kəs bunu etməmək üçün bir bəhanə tapır.

Ermənistan əhalisinin təhsilinin aşağı səviyyədə olması da özünü göstərir – bu ölkədə ümumiyyətlə virusu bakteriyadan, bakteriyanı göbələkdən fərqləndirə bilənlər azdır, həkimə müraciət etmək də çox populyar məşğələ deyil.

Əksər hallarda nəticə eyni olur – xəstələr xalq tərəfindən yoxlanılmış resept üzrə hərəkət edirlər: hər hansı xəstəliyin hər hansı əlamətləri yarandıqda antibiotik içirlər. Ermənistanda artıq iki ildir ki, antibiotiklərin sərbəst satışı qadağan edilib, amma reallıqda bu qadağa işləmir. İnsanlar həbləri qəbul edir, amma bilmirlər ki, antibiotiklər koronavirusun müalicəsinə kömək etmir. Onlar sağaldıqlarını güman edərək küçəyə çıxırlar.

İtirilmiş imkanlar

Əgər konspiroloqların təhlükəli fəaliyyətinin qarşısı vaxtında alınsaydı, bəlkə də onlar özlərini daha təvazökar aparardılar, amma belə olmadı. Martın 1-də, Ermənistanda ilk yoluxma halı aşkar edilən gün ölkənin ən populyar “Facebook”-bloqeri olan Paşinyan birbaşa efirdə epidemiyanı ələ salaraq soruşurdu: “Ümumiyyətlə bu koronavirus kimin itidir?”

Bundan iki gün əvvəl Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Arsen Torosyan sosial şəbəkədə iddia edirdi ki, virus o qədər təhlükəli deyil ki, ona görə ciddi tədbirlər elan edilsin. Həmin vaxt ÜST COVID-19-un yayılmasını beynəlxalq miqyaslı fövqəladə vəziyyət kimi tanımışdı, pandemiyanın və beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyətin elan edilməsinə 2 həftə qalırdı.

ÜST ilk dəfə beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyəti 2002-2003-cü illərdə qeyri-tipik SARS Cov pnevmoniyası dövründə elan etmişdi. Son 10 ildə belə rejim cəmi bir neçə dəfə “donuz qripi” A(H1N1) epidemiyası, poliomielit, “Ebola” qızdırması, Zik virusu və SARS Cov-2 koronavirusu ilə əlaqədar tətbiq edilib.

Virus ilk real problem oldu ki, Paşinyan komandası onu əvvəlki hakimiyyət orqanlarının üzərinə yıxa bilmədi. Epidemiyanı lazımınca maliyyələşdirilməyən və lazımınca inkişaf etməmiş səhiyyə sisteminin bütün imkanlarını səfərbər etməsi ilə izah etmək cəhdləri uğursuz oldu. Onda hakimiyyət orqanları başqa yol seçdilər.

Onlar əvvəlcə koronavirusun təhlükəli olmasını əlaqələndirilmiş şəkildə inkar etdilər və hər şeyi zarafata salmağa çalışdılar. O vaxt ölkədə yuxarıdan idarə edilən mühüm siyasi proseslər gedirdi. Məsələn, Konstitusiya Məhkəməsinin tərkibinin dəyişməsinə koronavirus mane ola bildi. Beləliklə, Səhiyyə Nazirliyinin rəhbəri Torosyan ÜST-nin rəsmi məlumatına birbaşa zidd olan bəyanatlar verməkdə davam edirdi. Məsələn, aprelin 14-də o, bir daha təkrar etdi ki, koronavirus çox təhlükəli infeksiya deyil, çünki “elə infeksiyalar məlumdur ki, onlardan ölüm halları təqribən 50 faiz təşkil edir”.

İyunun 10-u üçün olan rəsmi məlumatlara görə dünyada COVID-19-dan ölüm hallarının orta sayı 5,6 faiz təşkil edir. Bu göstərici ölkələrdən asılı olaraq fərqlənir. Məsələn, İtaliyada o, 14,4 faizdən yüksəkdir, Rusiyada 1,2 faiz həddindədir.

Torosyan həm sözdə, həm də əməli işdə fərqləndi. Mayın 7-də onun günün günorta çağında naməlum adamlarla bir kafedə şəklini çəkdilər – onların üzündə maska və ya hər hansı aşkar görünən qoruyucu vasitələr yox idi. Təbii ki, Səhiyyə Nazirliyinin rəhbərinə etirazlar bildirildi, idarənin mətbuat katibi bu etirazlara o qədər də gizlədilməyən əsəbiliklə cavab verdi.

“Biz şadıq ki, siz nazirin bütün hərəkətlərini izləyirsiniz, əgər siz son 3 ayda 24/7 rejimində görülən işləri də belə ruh yüksəkliyi ilə izləsəydiniz pis olmazdı”, - sözlərini yazan mətbuat katibi daha sonra əlavə etmişdi ki, Torosyan bu fotoşəkildə öz müavinləri ilə birlikdədir, yəni o, vaxtını boş yerə sərf etmir. Nəyə görə Səhiyyə Nazirliyinin başçısı pandemiyanın şiddətli vaxtında fərdi qoruyucu vasitələrdən istifadə etmir, ətrafdakılara pis nümunə göstərir və ümumiyyətlə, təhlükənin sovuşduğuna görə deyil, çarəsizlikdən açılmış kafelərə nə üçün gedir, - mətbuat katibi bunları izah etməyib.

Baş nazir özü də vətəndaşlara pis nümunə göstərirdi. Məsələn, translyasiyaların birində o deyirdi ki, koronavirusa simptomsuz yoluxmaq “təbii peyvənd” kimidir və özü də belə xəstələnmək istərdi. May ayının axırlarında ixtiyar sahibləri və Paşinyan Qarabağda təntənəli şam yeməyində görünmüşdü. Onlar pandemiyanın şiddətli vaxtında pozulması ümumiyyətlə mümkün olan bütün qaydaları pozurdular. Yeri gəlmişkən, orada ofisiantlar vardı – Ermənistanın baş naziri özünün yoluxmasının mümkün səbəbi kimi bu peşənin nümayəndələrini göstərmişdi.

Uğursuz lokdaun

Təəccüblü deyil ki, Ermənistanda mart ayında elan edilmiş ikihəftəlik sərt karantin və hələ də saxlanılan digər məhdudiyyətlər heç bir fayda vermədi, yalnız iqtisadiyyata zərbə vurdu. Karantin rejimini pozanlara qarşı hər hansı ciddi sanksiyalar tətbiq edilmirdi, pozuntuların miqyası isə o qədər böyük idi ki, əgər polis hər bir məsuliyyətsiz vətəndaşdan cavab tələb etsəydi, ölkə əhalisinin yarısını saxlamaq lazım gələrdi.

Ermənistanda COVID-19 testlərinin 30-40 faizi müsbət nəticə verir.

Paşinyanın milli fəlakət haqqında şivənçi bəyanatlarından sonra polis tam fəaliyyətsizlik vəziyyətindən kəskin şəkildə çıxdı və digər ifrat mövqe tutdu. İndi 4-5 nəfərlik naryadlar küçələrdə insanları saxlayır, onların qollarını burur, yerə yıxır, onlar qışqırmağa başlayana qədər boğurlar. Təəssüf ki, onlar ABŞ-ı irqi müharibə həddinə çatdırmış amerikalı həmkarlarının kədərli təcrübəsini nəzərə almırlar.

Sadə amerikalılar kimi ermənilər də təkcə polis özbaşınalığına görə çaşıb qalmayıblar. Ölkədə məhdudiyyətlər tətbiq etmək üçün elə ilk cəhd zamanı sosial və iqtisadi vəziyyətdən narazı insanların lokal etirazları başladı. Çox zəif vəziyyətdə olan Ermənistan iqtisadiyyatı ikinci lokdauna davam gətirəcəkmi – bu, çox böyük sualdır.

Hakimiyyət orqanları xalqı, xalq isə hakimiyyət orqanlarını təqsirləndirir, lakin vəziyyət dəyişmir. Hər iki tərəf təqsirkardır və tərəflərin heç biri nəinki səhvlərini düzəltmək, heç olmasa onları etiraf etmək istəmir. Digər tərəfdən hər gün koronavirus testlərinin 30-40 faizi müsbət nəticə verir. Bu rəqəmlər yoluxanların sayının çox yüksək olmasına və deməli səhiyyə sisteminin tezliklə iflasa uğrayacağına və bunlardan heç də az kədərli olmayan başqa nəticələrə dəlalət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: