Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-lərin Ermənistanla Azərbaycanın Dağlıq-Qarabağ bölgəsini birləşdirən üçüncü avtomobil yolunun inşası ilə bağlı Avropa Parlamenti üzvlərinin birgə bəyanatı ilə bağlı sualını cavablandırıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Leyla Abdullayeva deyib: “Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, Avropa Parlamentinin üzvü Marina Kalyurand, qurumun Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Jelena Zavko, əslində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin məlum mövqeyini bir daha təsdiqlədi. Təcavüzkar dövlət olan Ermənistan istisna olmaqla, beynəlxalq ictimaiyyətin bütün üzvləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və sənədlər Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam və qeyd şərtsiz çıxarılmasını tələb edir.
Biz Avropa Parlamentinin üzvlərinin beynəlxalq hüquqa, eyni zamanda, Avropa İttifaqı Şurasının “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti üzrə” 2020-ci il 11 may tarixli yekun qərarına əsaslanan mövqeyini alqışlayırıq. Avropa İttifaqı Şurasının qərarında ifadə olunduğu kimi, beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyünə, müstəqilliyə və suverenliyə hörmət, demokratiya, rifah və sabitlik məkanını qurmaq üçün bizim ortaq öhdəliyimizdir. Bu mövqe, həmçinin Aİ-nin fundamental və institusional hüquqi norma və dəyərlərinə, prinsiplərinə uyğun olaraq səsləndirilib.
Bununla bağlı Ermənistanda müşahidə etdiyimiz təşvişə gəldikdə isə xatırlatmaq istərdik ki, Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı yalnız faktları ifadə edir, başqa heç bir şey yox. Biz Ermənistan hakimiyyətini beynəlxalq ictimaiyyətin qəti mövqeyini şübhə altına almağa vaxt sərf etmək əvəzinə, əhalisini sülhə hazırlamağa çağırırıq. Bölgədə davamlı sülh, təhlükəsizlik, sabitlik və rifaha yalnız Ermənistan təcavüzünün nəticələri aradan qaldırıldıqdan, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsindən, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasından, yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarına və əsas azadlıqlarına təminat verildikdən sonra nail olmaq mümkündür”.