Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl haqqında kitabın elektron versiyasında Azərbaycan Prezidentinin məqaləsi verilib
Türkiyədə fəaliyyət göstərən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi “Süleyman Dəmirələ ərməğan” adlı kitab hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kitabın “Mərmərə Qrupu”nun rəsmi saytında yerləşdirilən elektron versiyasında ulu öndər Heydər Əliyev ilə görkəmli dövlət xadimi Süleyman Dəmirəlin dostluq və qardaşlıq münasibətlərindən, türk dünyasının bu iki böyük oğlunun Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərindən bəhs olunur.
Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin əziz xatirəsinə” sərlövhəli məqaləsi də verilib. Məqalədə dövlətimizin başçısı Türkiyənin IX Prezidenti Süleyman Dəmirəlin mənalı həyat yolundan və zəngin dövlətçilik fəaliyyətindən söhbət açır, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Görkəmli dövlət xadimi və siyasətçi Süleyman Dəmirəlin bütün həyat və fəaliyyətini doğma ölkəsinin rifahına həsr etdiyini vurğulayan Prezident İlham Əliyev yazır: “Atam Heydər Əliyev ilə Süleyman Dəmirəli sıx dostluq münasibətləri birləşdirirdi. Onların arasında olan əlaqələr Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri vəzifəsində işləyərkən yaranmışdı...Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə qayıtmasından və Prezident seçilməsindən sonra onunla Süleyman Dəmirəl arasında dostluq münasibətləri daha da möhkəmləndi. Onlar qarşılıqlı səfərlər edir, daim telefon vasitəsilə əlaqə saxlayırdılar.
Heydər Əliyevin Süleyman Dəmirəllə xüsusi dostluq münasibətlərinin şəxsən şahidi olmuşam. Heydər Əliyev Türkiyəyə səfər edəndə Süleyman Dəmirəl və həyat yoldaşı Nəzmiyə xanım bizi evində qəbul edirdi.
Bu illər ərzində Azərbaycan-Türkiyə əlaqələrinin möhkəm təməli qoyuldu. Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı Azərbaycan-Türkiyə münasibətlərinin hakim fəlsəfəsinə çevrildi”.
Azərbaycanın neft strategiyasının təməlinin qoyulmasında və reallaşdırılmasında ulu öndər Heydər Əliyevin və Süleyman Dəmirəlin böyük xidmətlərini xatırladan Prezident İlham Əliyev yazır: “1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul Sammiti zamanı aparılmış müzakirələr nəticəsində Heydər Əliyevin, Süleyman Dəmirəlin və digər dövlət başçılarının iştirakı ilə “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı—Tbilisi—Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti arasında Saziş”, həmçinin bu layihənin dəstəklənməsi və qısa müddət ərzində həyata keçirilməsi haqqında Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və ABŞ prezidentləri tərəfindən İstanbul Bəyannaməsi imzalandı.
2002-ci ildə Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. 2006-cı ildə isə mənim və digər dövlət başçılarının iştirakı ilə neft kəmərinin açılışı oldu. Bu kəmərin reallığa çevrilməsində Süleyman Dəmirəlin siyasi dəstəyi mühüm rol oynadı”.
Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəlin ölkəmizə səfərlərindən, onun Azərbaycanın yüksək dövlət ordenləri ilə mükafatlandırılmasından, “Azərbaycan Respublikasının Fəxri vətəndaşı” adına layiq görülməsindən bəhs edən Prezident İlham Əliyev məqaləsini bu sözlərlə bitirir: “Süleyman Dəmirəlin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.
Kitabda Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl barədə xoş sözləri, görkəmli dövlət xadimlərinin, alimlərin, diplomatların məqalələri toplanıb.
“Mərmərə Qrupu”nun saytında qeyd olunur ki, kitab türk və ingilis dillərində nəşr ediləcək.