Kaliforniya radiosunda erməni daşnaklarının Hitlerə və Holokosta rəğbətini ifşa edən sənəd müzakirə olunub
Kaliforniyanın San-Dieqo şəhərində fəaliyyət göstərən, ABŞ-da çapdan çıxmış “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi jurnalist Raul Kontreras (Raoul Contreras) özünün “The Contreras Report” radio proqramında ötən ay Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun ABŞ Konqresinin arxivlərində apardığı araşdırma nəticəsində aşkar olunmuş, erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəslədiklərini ifşa edən sənəd haqqında dinləyicilərə məlumat verib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, verilişdə müəllif 1945-ci ildə ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hookun erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meyilləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasına təqdim etdiyini deyib, həmin sənəddən çoxlu sayda sitatlar gətirərək, məsələ ilə bağlı ətraflı müzakirələr aparıb.
R.Kontreras İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ordusu tərkibində yaradılmış erməni legionu, onun rəhbərlərindən olan erməni generallar Qaregin Njde və Drastamat Kanayan haqda ətraflı danışıb, onların bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını, 2016-cı ildə Yerevanda Q.Njdeyə heykəl ucaldıldığını vurğulayıb.
Jurnalist ABŞ-da əsas erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) radikal və irqçi daşnakların davamçısı olduğunu, onların bir sıra amerikalı konqresmenləri ələ alaraq bu ölkə tərəfindən Ermənistana maddi yardımın ayrılmasına nail olmağa çalışdıqlarını diqqətə çatdırıb. O, həmin vəsaitlərin ABŞ vergiödəyicilərinin pulları əsasında formalaşdığını deyib və bunu yolverilməz adlandırıb.
R.Kontreras daha sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etdiyini bildirib.
Verilişdə jurnalist, həmçinin erməni terror təşkilatı olan ASALA-nın ABŞ-dakı fəaliyyəti, xüsusilə türk diplomatlara qarşı həyata keçirilən terror aktları haqda da ətraflı bəhs edib.